
Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk martın 21-də deyib ki, “təslim olmaqdan, silahları yerə qoymaqdan söhbət gedə bilməz”
Ukrayna Rusiyanın mühasirəyə aldığı Mariupol şəhərini martın 21-də təslim etmək və ağ bayraq qaldırmaq tələbini rədd edir, “təslim etməkdən söz gedə bilməz” deyir.
Rusiya bu şəhərə nəzarəti alaraq 2014-cü ildə ilhaq etdiyi Krımla bağlantı yaratmağa çalışır. Krım hazırda Ukraynanın şərqində Kremlin dəstəklədiyi separatçıların nəzarətinir.
Rusiya ordusu Mariupolun təslim edilməsi üçün Ukraynaya martın 21-i yerli vaxtla səhər 5-cən vaxt vermiş, əvəzində dinc sakinlərin şəhəri tərk etməsindən ötrü iki humanitar dəhliz təklif etmişdi. Dəhlizlərdən biri Rusiyaya, digəri qərbə – Ukraynanın digər hissələrinə getməliydi.
“Son dəqiqəni gözləməyə ehtiyacı yoxdur”
Rusiya tərəf təklifin rədd olunacağı halda nə edəcəyini açıqlamayıb.
Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk martın 21-də deyib ki, “təslim olmaqdan, silahları yerə qoymaqdan söhbət gedə bilməz”. “Rusiya tərəfi bu haqda bilgiləndirmişik”, – Vereşçuk vurğulayıb.
Mariupolun meri Pyotr Andryuşçenko da təklifi rədd edib. O, Facebook-da yazıb ki, cavab vermək üçün son dəqiqəni gözləməyə ehtiyacı yoxdur və rusiyalıları söyüb. Xəbəri “İnterfaks Ukrayna” yayıb.
Rusiya Azov dənizi sahilində yerləşən bu şəhəri mühasirəyə alaraq bombalayır.
Martın 20-də Kiyevdə dağıdılmış ticarət mərkəzində isə azı 4 nəfər həlak olub. Rusiyanın binanı bombalaması nəticəsində güclü partlayış baş verib, yaxınlıqdakı çoxmərtəbəli binanın pəncərələri qırılıb.
İtkilər
Ukrayna Prezidenti Volodimir Zelenski martın 20-də Rusiya ictimaiyyətinə xitabən videomüraciətində deyib ki, işğal zamanı 14 min rusiyalı öldürülüb.
Moskva isə müharibə başlayandan 498 ölümü təsdiqləyib, sonradan bu rəqəm yenilənməyib.
Ukrayna bir həftə öncə 1300-dək əsgərinin öldürüldüyünü bildirib. Amma bu sayı müstəqil təsdiqlətmək mümkün olmayıb.
ABŞ Prezidenti Co Bayden bu həftə Avropaya səfəri zamanı Ukrayna müharibəsilə bağlı NATO-da danışıqlar aparmalıdır. Ukrayna rəsmiləri Baydeni vəziyyəti yaxından görmək üçün ölkəyə dəvət ediblər. Ancaq Ağ ev prezidentin səfər zamanı müharibəyə gedən ölkəyə baş çəkməyəcəyini açıqlayıb.