SEÇMƏ

ABŞ Ukraynaya uzaqmənzilli raketlər göndərə bilər

Yayımlandı: 1 Fevral 2023 12:09

Vaşinqton 2 milyard dollar dəyərində hərbi yardım paketi nəzərdə tutur

ABŞ Ukraynaya uzaqmənzilli raketlər, döyüş sursatları və silahların daxil olacağı 2 milyard dollar dəyərində hərbi yardım ayırmağa hazırlaşır.

“Reuters” yazır ki, səlahiyyətlilər yardımın bu həftə elan ediləcəyini söyləyib.

Onlar həmçinin əlavə ediblər ki, bura “Patriot” hava hücumundan müdafiə sistemləri üçün dəstək ləvazimatları, dəqiq idarə olunan döyüş sursatları və “Javelin” tank əleyhinə silahlar da daxildir.

Hələlik Ağ Ev yardımla bağlı şərh verməkdən imtina edib.

Yardım paketlərinin məzmunu və ölçüsü prezident tərəfindən imzalanana qədər dəyişə bilər.

Rəsmilərin dediyinə görə, yardımın içində həmçinin əhəmiyyətli miqdarda tibbi avadanlıq da var.

Hətta bu, başqa bir müttəfiq tərəfindən bağışlanan üç səhra xəstəxanasını təchiz etmək üçün kifayətdir.

Rusiyanın 2022-ci ilin fevral ayından etibarən Ukraynaya müdaxiləsindən sonra ABŞ Ukraynaya təxminən 27,2 milyard dollar dəyərində təhlükəsizlik yardımı göndərib.

Rusiya işğalı “xüsusi əməliyyat” adlandırır.

Ukrayna və müttəfiqləri isə Rusiyanın addımını “işğal” kimi dəyərləndirir.

Ukraynanın Baş naziri Denis Şmiqal də açıqlama verərək bildirib ki, fevralın 3-də Kiyevdə Avropa İttifaqı (Aİ) ilə sammit keçiriləcək.

Şmiqalın hökumətin iclasında dediyinə görə, bu tədbir Kiyevin Aİ-yə üzvlüyü üçün “həddən artıq vacib”dir.

Onun sözlərinə görə, bu sammit Moskvaya və dünyaya “güclü siqnal” göndərəcək: “Bu sammitin Kiyevdə keçirilməsi faktı tərəfdaşlarıma və düşmənlərimizə güclü siqnaldır”.

Hələlik tədbirə Aİ-dən kimlərin qatılacağı bəlli deyil, açıqlanmayıb.

Ukrayna ötən ilin iyununda Aİ üzvlüyünə namizəd ölkə status əldə edib.

Aİ üzvləri Rusiyanın işğalı ilə mübarizə aparan Ukraynanı dəstəkləyib, Rusiyaya iqtisadi sanksiyalar tətbiq edib, Kiyevə silahlar göndərib.

Meydan TV

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button