2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ailə münaqişəsi 3 qadını xəstəxanalıq edib

Ədavətin kökündə vaxtilə törədilmiş qətlin durduğu söylənilir

Sabirabad rayonunda üç qadına ailə üzvləri tərəfindən soyuq silahla xəsarət yetirildiyi deyilir.

Rayonun 31 yaşlı sakini Təbriz Firidun oğlu Abuşov Meydan TV-yə müraciət edərək bildirib ki, oktyabrın 7-də onun özünə və ailə üzvlərinə, qardaşı və qardaşı oğlu tərəfindən ağır bədən xəsarətləri yetirilib və onlar polisin laqeydliyi ilə üzləşiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Təbriz Abuşovun sözlərinə görə “Kənan” MMC adlı ticarət mərkəzində alverlə məşğul olur, birinci qrup əlildir.

Elə böyük qardaşı, 49 yaşlı Yaşar və onun oğlu, 1995-ci il təvəllüdlü Afiq Abuşov da həmin mərkəzdə çalışır.

Təbriz Abuşov deyir ki, qardaşıgillə aralarında narazılıq məhz əlilliyindən istifadə etmək istəməməsinə görə olub:

“Yaşarın on bir metrəlik piştaxtası var. Oğlu ilə ikisi birgə işlədir. Bazarda Şərif adlı kişi işləyir, onun piştaxtası daha böyükdür. Qardaşım mənə dedi ki, əlilliyimdən istifadə etməklə Şərifin yerindən alıb ona verim. O da satıb özünə maşın alsın. Mən də dedim ki, onu edə bilmərəm”.

Təbriz Abuşovun sözlərinə görə, dedikləri qardaşının xoşuna gəlməyib. Ona səsli ismarıc göndərərək “Oğlum deyir Təbrizdən uzaq ol, sənin bir işinə yaramır. Mən onunla düşmənəm”, – deyib.

“Mən də ayın 6-sı bazara getdim. Afiqin, Yaşarın piştaxtası bizim piştaxta ilə yaxındır. Yaxınlaşıb dedim ki, Afiq, mən sənin əminəm. Sən niyə atana deyirsən ki, qardaşından uzaq ol? O da nalayiq ifadələrlə məni təhqir edib dedi ki, əmim deyilsən. Üstəlik, hücum elədi, piştaxtada olan ayaqqabıları başıma çırpdı. Çevrildim ki, qaçım, yıxıldım hər iki ayağımdan xəsarət aldım”, – şikayətçi deyir.

Yaşar Abuşov və Təbriz Abuşov

Təbriz Abuşov deyir ki, həmin vaxt böyük qardaşı orada olmayıb. Ortancıl qardaşı Valeh isə Afiqin piştaxtasını dağıdıb. Ancaq bunu onun üstünə yıxıb və böyük qardaşı Yaşara zəng edərək onu ticarət mərkəzinə çağırıb:

“Yaşar baltanı götürüb gəldi bazara. Gələn kimi “hanı Təbriz? Onu öldürəcəm” deyib məni axtardı. Bazarda işləyənlər də orada idi”.

Şikayətçi deyir ki, hadisə yerində bacısı Gültəkin Abuşova da olub. O, tərəfləri sakitləşdirməyə çalışsa da, bacarmayıb. Təbriz Abuşovun sözlərinə görə, qardaşının hədələrindən narahat olduğundan Sabirabad Rayon Polis Şöbəsinə üz tutub, ancaq şikayətinə məhəl qoyulmayıb:

“Səhər saat 9-dan saat 3-ə qədər durduq qapıda. Həyat yoldaşım Gülnar və bacım qızı Nərmin də yanımda idi. Təhqiqatçı Möhlət Bayramova, növbətçi hissədə olan Əhmədə yalvardım ki, polis göndərin, qardaşım Yaşarla oğlu Afiq bizi öldürmək istəyir. Dedilər, heç nə olmaz, gedin, biz cavabdehik. Həmin vaxt maşınla oradan keçən Afiqlə Yaşar bizə dedi ki, evə gəlməyin, sizi tikə-tikə doğrayacağıq. Sonra gəlib evdə 72 yaşlı, 2-ci qrup əlil anamı döyüblər”.

Şikayətçi deyir ki, polisin sözünə güvənib evə qayıdıblar. Maşından düşən kimi Yaşar Abuşovla oğlu da gəlib çıxıb:

“Maşından bıçaq, ağac kötüyü götürüb bizə hücum etdilər, məni, yoldaşımı döydülər. Bacımla qızı bizə qonaq gəlmişdi. Bacımın qızı aralanmaq istədi, ona da xəsarət yetirdilər. Polisə zəng etsək də, gəlmədilər. Ortancıl qardaşım Valeh yanımızda təhqiqatçıya zəng edib deyir ki, gəlib hörmətinizi edəcəm, gəlməyin”.

Şikayətçinin iddiasına görə, qardaşı və onun oğlu həyat yoldaşı Gülnar İsgəndərovaya, bacısı, 1976-cı il təvəllüdlü Gültəkin Abuşovaya, bacısı qızı, 19 yaşlı Nərmin Əliyevaya bıçaqla müxtəlif nahiyyələrdən xəsarətlər yetirib.

Fotolar: Meydan TV

Həmin gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadınlar oktyabrın 9-da evə buraxılıblar.

Meydan TV xəstəxana ilə əlaqə saxlasa da, “qadınların vəziyyəti qənaətbəxş olduğu üçün evə göndərilib” deməklə kifayətləniblər.

Təbriz Abuşovun həyat yoldaşı Gülnar İsgəndərova Meydan TV-yə deyib ki, əsas döyülən o olub:

“Baldızım kəllə-beyin travması alıb, Nərminin isə burnunu sındırıblar. Mənim dalaq, qarın nahiyəm zədələnib, bıçaq isə sol qoluma vurulub”.

Təbriz Abuşovun sözlərinə görə, ailə üzvləri arasında ədavətin kökü 2004-cü ildə baş vermiş qanlı olayla bağlıdır:

“Yaşar 2004-cü ildə bacımız Gültəkinin həyat yoldaşı Bağırı öldürüb. Yeznə-qayın həmin ərazidə yanaşı alver edirdilər. Onun yerini də almaq istəyirdi. Onun üstündə yeznəmizi öldürdü. Bir yaşında uşağı yetim qaldı. Bax, bu Nərmin. On il adam öldürmə maddəsi ilə həbs yatıb. Düzü, mənimlə işi yoxdur, sadəcə məni vadar edir ki, əlilliyimdən istifadə edim. Hətta deyiblər ki, onsuz da polisə pul verib işi ört-basdır edəcəyik”.

Təbriz Abuşov onu da deyib ki, qardaşı Yaşar özünə saxta əlillik vəsiqəsi düzəldib:

“Yaşar guya birinci qrup əlildir. O vaxtı hərbi xidmətdən yayınmaq üçün alıb. Maştağada yatmayıb bu adam, gedib Kürdəmirin Molla kəndində düzəldib əlillik kağızını. Bundan istifadə edib insanlara xəsarət yetirir, deyəndə deyir ki, mən xəstəyəm. Afiq də 1995-təvəllüdlüdür, hərbi xidmətə getməyib. Gedib özünə pulla xəstəlik kağızı alıb, hərbidən yayınıb. Pensiya almır. Sürdükləri maşın da Afiqindir. Belə bahalı maşın ruhi xəstədə nə gəzir? Mən əliləm deyə həyat yoldaşıma, bacıma kömək edə, onların əlindən ala bilmədim”.

Afiq Abuşov Meydan TV-yə hadisəni yalanlayıb:

“Siz polislə əlaqə saxlasanız deyərlər onlar necə problemli ailədir. Heç bir döyülmə hadisəsi olmayıb, onlar sadəcə bizi şərləməklə atamın qisasını alırlar”.

Ortancıl qardaş Valeh Abuşov isə adının bu məsələdə hallanmasını istəməyib. O da kiçik qardaşıgili “münaqişəli ailə” kimi xarakterizə edib:

“Dəfələrlə özlərinə xəsarət yetirib ekspertizaya gediblər, bir neçə şəxsi şantaş ediblər. Ekspert də rəy verib ki, özləri özlərinə xəsarət yetirib. Araşdırma aparın, Sabirabad Rayon Polis Şöbəsindən belə deyəcəklər. Onlar DİN-də “münaqişəli ailə” kimi qeydiyyatdadırlar. Sabirabad rayon bazarkomu bunların hamısının şahididir. Bunların məqsədi budur ki, hamını qorxuzsunlar. Şərif adlı şəxsdən piştaxta alıb vermək ittihamı yalandır. Onlar kimdir ki, kimdənsə piştaxta alsınlar? Bazarın sahibi var. Hamısı böhtandır”.

Valeh Abuşov hesab edir ki, bacısının əri öldürüldüyü üçün böyük qardaşına qarşı qərəzlidir:

“Mənim qardaşım Təbriz birinci qrup əlildir. Yaşarın əlilliyi də saxta deyil. O, on il türmə yatıb və 30 ildir xəstədir. Düzdür, Bağır Əliyevi qətlə yetirib, cəzasını da çəkib gəlib. Bacımın səs yazısı da var, deyir, ərinin qisasını almaq istəyir, 18 ildir qisas gününü gözləyir. Bəli, münaqişə onun üstündədir. Məhz buna görə polis şöbəsi onları qəbul etmir. Təbriz xəstə uşaqdır, üstünə niyə bıçaq çəkilsin? Hər ikisi qardaşımdır. Ailə münaqişəsidir. Döyülmə olmayıb, orda 20-30 şahid var, bu dəqiqə təhqiqat gedir, izahatları alınıb”.

Valeh Abuşov qardaşı oğlu Afiqin tərəfində olduğunu gizlətməyib:

“Afiq kərbəlayidir, bir adamın toyuğuna daş atan adam deyil, bir dəfə onun adı rayon polis şöbəsinə düşməyib. Amma bunlarla da maraqlanın. Görün nə deyəcəklər. Təbriz birinci qrup əlildir. Tez-tez əhvalı dəyişir. Bu gün belə, sabah elə. Bizə də bazarda rəhbərlikdən deyiblər ki, ona baş qoşmayaq. Polis də hazırda çalışır ki, tərəfləri barışdırsın. Ölüm yox, itim yox. Biri birini cızır, gedib kağız alır. Bizim 30 şahidimiz var, onların heç bir şahidi də yoxdur”.

Hadisəni araşdıran təhqiqatçı Fikrət Bağırov Meydan TV-yə deyib ki, hazırda iş araşdırılır:

“Ekspertizanın rəyini gözləyirik, ondan sonra müvafiq qərar veriləcək”.

DİN-in mətbuat xidmətinin regional qrupundan polis kapitanı Nizam Həmidovun verdiyi məlumatda da deyilir ki, daxil olmuş müraciət əsasından Sabirabad Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır. Araşdırmanın nəticəsi olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button