2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Aktyorların maaş problemi: “Bu haqda danışıb ağzımı yormaq istəmirəm”

Yayımlandı: 15 Noyabr 2022 16:38

“İndi kim özünü saxlaya bilir ki, teatr da dolandıra bilsin?”

“Teatr aktyorlarının maaşları çox aşağıdır. Maaş artırımı da cüzi olduğu üçün heç bir müsbət nəticə vermir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Xalq artisti, Musiqili Teatrın aktrisası Afaq Bəşirqızı deyib.

O, son günlər aktyorların maaşlarının az olmasının gündəmə gəlməsini şərh edərkən bildirib ki, teatrlarda sovetlər dönəmindən qalma qaydalar ləğv olunmalıdır:

“Teatrların “akademik”, “aparıcı” və “adi” dərəcəli kateqoriyalara bölünməsi doğru deyil. Teatrın kateqoriyalara bölünməsi, ikinci, üçüncü dərəcəli olması, maaş cədvəlinə çox pis təsir edir. Bundan başqa, aktyor bölgüsünün də aparılmasını doğru hesab etmirəm. Aktyorların bölgüsü – ali dərəcəli və titullu olanlar, birinci və ikinci dərəcəli aktyor kateqoriyaları var. Əgər aktyor çox tanınmış deyilsə, tamaşalarına məhz ona görə gəlmirlərsə, bu, özü də bir maneədir. Hesab edirəm ki, bu qayda ləğv olunmalıdır. Çünki aktyorun maaşına təsir edir. Bütün bunlara baxmaq lazımdır”.

Xalq artisti deyir ki, teatrların özlərini kassa gəlirləri ilə saxlamaq imkanı yoxdur. Ona görə də aidiyyəti qurum bu istiqamətdə işlər görməlidir:

“Götürək, Sumqayıt Dövlət Dram Teatrını. Bu teatr acınacaqlı, hətta ağlanmalı durumdadır. Neçə vaxt idi ki, kollektiv maaş almırdı. Hazırda teatra cavan aktyorlar gəlib, çox işləyirlər, həvəslidirlər, çünki teatrı sevirlər. Amma bunun heç bir xeyri olmur. Düşünürəm ki, onlara mütləq kömək lazımdır. Amma kim tərəfindən, necə? Bununla bağlı təəssüf ki, artıq danışıb, ağzımı yormaq istəmirəm”.

Milli Məclisin mədəniyyət komitəsinin üzvü Aqil Abbas hesab edir ki, teatra dövlət tərəfindən dəstək olunmalı, pullar ayrılmalıdır. Çünki teatrlar kassa gəlirləri ilə aktyorları dolandıra bilməz:

“Teatrlar özlərini saxlaya bilmirlər. İndi kim özünü saxlaya bilir ki, teatr da dolandıra bilsin? Yazıçı, şair, rəssam, ümumiyyətlə, yaradıcı adamlardan kim özünü dolandıra bilir? Əvvəllər heç olmasa aktyorlar rayonlara qastrollara gedirdilər. Onlara hörmət edərdilər. Getdiyi yer, təsərrüffat rəhbəri yemək-içməklərindən əlavə ciblərinə pul da qoyardılar. Aktyorlara normal maaş verilməlidir ki, onlar yalnız yaradıcılıq haqqında düşünsünlər. Mədəniyyətə, teatra, kinoya pul ayrılmalıdır”.

Teatrşünas Vidadi Qafarov Meydan TV-yə deyir ki, dövlət büdcəsindən teatr aktyorlarına verilən maaşlar kifayət deyil.

Mədəniyyət Nazirliyi teatrların kateqoriyasını artırmaqla onların maaşlarına müsbət təsir edə bilər. Həmçinin teatrların tamaşalardan toplanmış gəlirlərindən də aktyorların maaşına mükafat kimi əlavələr etmək olar: “Teatrların hesabatlarına görə, onların kifayət qədər tamaşası var. Mədəniyyət Nazirliyi tərəfindən qoyulmuş perspektiv planlarını verirlər. Bu mənada teatr direktorları ixtiyar sahibidirlər ki, tamaşalardan əldə onunan qazancı mükafat fondu olaraq aktyorlara ödəsin. Nazirlər Kabineti, Mədəniyyət Nazirlyi, ümumiyyətlə, qayda icazə verir ki, teatr kassadan əldə etdiyi pulu xərcləyə bilər. Sözsüz ki, maliyyə hesabatı verməlidir ki, pullar hara xərclənib”.

Lənkəran Dövlət Dram Teatrının direktor müavini İntiqam Hacılı hesab edir ki, teatr aktyorlarının maaşları heç olmasa, 30-40 faiz qaldırılmalıdır:

“Nəinki aktyorlar, bütün mədəniyyət işçilərinin maaşları qaldırılmalıdır. Onlar yaxşı maaş almalıdır, sosial vəziyyətləri yaxşı olmalıdır ki, öz enerjilərini tam şəkildə, teatra, kinoya, muzeyə, rəssamlığa, musiqiyə qoya bilsinlər. Aktyorlar maaşları az olduğu üçün seriallara çəkilir, toylarda və şou-proqramlarda aparıcılıq edirlər. Aktyor yaxşı maaş alsa, toyda aparıcılıq etməz”.

Noyabrın 2-də Sumqayıt Dövlət Dram Teatrının kollektivi maaşlarının gecikdirilməsi, üstəlik də az olması ilə bağlı mədəniyyət naziri Anar Kərimova video-müraciət ünvanlamışdılar.

Müstəqil “M” Teatrının bədii rəhbəri, Xalq artisti Vidadi Həsənov da teatr aktyorlarının maaşlarının az olması ilə əlaqədar “Azadlıq radiosu”na müsahibə vermişdi.

Azərbaycanda otuz dövlət, on özəl teatr var.

2019-cu il martın 2-də Prezidenti İlham Əliyevin bir qrup mədəniyyət xadimi ilə görüşü zamanı Afaq Bəşirqızı aktyorların maaşlarının artırılması və evlə təmin olunmalarını xahiş etmişdi.

Martın 11-də Prezident İlham Əliyev teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama əsasən, sənətçilərin maaşı 50 faiz artırılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button