Loading...
Loading...
SEÇMƏ

Azərbaycan teatrlarında kadr çatışmazlığı: paytaxtla bölgələrin fərqi…

“Məzunlar özləri də bölgələrdə fəaliyyət göstərmək istəmirlər”

Azərbaycanın bölgələrində fəaliyyət göstərən teatrlarda kadr çatışmazlığının olduğu bildirilir.

Bu, Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyevin quruluş verdiyi “Yad” tamaşasında qadın obrazını kişi aktyoruna həvalə etməsindən sonra gündəmə gəlib.

Bir çoxu qadın rolunu kişi aktyorunun oynamasını bölgə teatrlarında qadın aktrisalarının olmaması ilə əlaqələndirib.

Vüsal Mehrəliyev isə Meydan TV-yə bildirib ki, bölgə teatrlarında kadr qıtlığı var. Amma tamaşada özü bilərəkdən qadın personajını kişi aktyoruna həvalə edib.

Mədəniyyət Nazirliyi də bölgələrdə kadr çatışmazlığının olduğunu təsdiqləyib.

Bu istiqamətdə işlər görüldüyü bildirilib.

Hazırda Azərbaycanda onu Bakıda, on beşi isə bölgələrdə olmaqla iyirmi beş teatr fəaliyyət göstərir.

Məsələ ilə bağlı Meydan TV danışan ekspertlər hesab edirlər ki, bölgələrdə kadr probleminin aradan qaldırılması üçün uzunmüddətli kompleks tədbirlər görülməlidir.

Yaradıcı heyətlə yanaşı, maddi-texniki imkanlar, bədii potensial gücləndirilməlidir.

Teatrşünas Elçin Cəfərov deyir ki, sovetlər dönəmindəki kimi hazırda tələbələrin təhsilini başa vurduqdan sonra müəyyən müddət ərzində hər hansı dövlət teatrına işləməyə göndərilməsi qaydası ləğv edilib:

“Düşünürəm ki, məzunların region tearlarına təyini prosesi olmamalıdır. Çünki hazırda paytaxt və bögələr arasında həm iqtisadiyyat, həm də mədəniyyət baxımından böyük bir disbalans var”.

“Məzunlar özləri də bölgələrdə fəaliyyət göstərmək istəmirlər. Onların az-çox teatr mühiti, intensiv iş prosesi və karyera imkanları olan Bakıdan bölgələrə qayıtmaq istəməməklərini başa düşmək olur”, – deyə o bildirib.

Ekspert bölgələrdə aktiv teatr mühitinin olmaması səbəblərindən danışıb.

Deyib ki, rayonlardakı teatrlar Mədəniyyət Nazirliyi ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının da təsir dairəsindədir.

“Teatrın təkcə paytaxt şəhərdə yox, digər şəhərlərdə olmasının mənfi bir tərəfi yoxdur. Əsas odur ki, teatr olsun. Baltikyanı ölkələrin hər birində olan əhalinin sayı Bakı şəhərində yaşayan əhalinin sayından azdır. Şəhərlərinin əksəriyyətində 30-50 min insan yaşayır. Həmin şəhərlərdə möhtəşəm teatrlar var və fəaliyyət göstərirlər. Deməli, əsas fəaliyyətdir. Tamaşaçı hər yerdə tamaşaçıdır, onu qazanmaq lazımdır”, – Lənkəran Dövlət Teatrının direktor müavini İntiqam Hacılı bu fikirdədir.

Hacılı deyir ki, hazırda Bakı teatrlarında da kadr çatışmazığı var. Paytaxtda teatrların sayı çox olduğu üçün bu problem nəzərə çarpmır:

“Kadr çatışmazlığı sırf məktəblə bağlıdır. Bakıda çoxlu sayda teatr varsa, digər şəhərlərdə bunun sayı birdir və istənilən problem dərhal görünür. Çatışmazlığı aradan qaldırmaq üçün koordinasiya qurulmalıdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə əlaqə yaratmaq lazımdır”.

Gözdən qaçırmayın:  MTN generalının məhkəməsində dava düşüb

İntiqam Hacılı bildirir ki, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov bir müddət öncə ADMİU-da olub.

İntiqam Hacılı bildirir ki, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov bir müddət öncə ADMİU-da olub.

Aktyorluq ixtisası üzrə Lənkərandan təhsil alan tələbələrlə görüşüb:

“Məqsəd həmin tələbələrin təhsillərini bitirəndən sonra Lənkəran Teatrına cəlb etməkdir. Teatrın inkişafı ilə bağlı digər məsələlər üzərində də işlənilir. Bura təkcə kadr çatışmazlığı deyil, ümumi sistem daxildir”.

Teatrşünas Vidadi Qafarov bölgələrdə aktyor-aktrisa çatışmazlığının səbəbini regon teatrlarında normal şəraitin olmaması ilə əlaqələndirib:

“Region teatrlarında şərait – istilik sistemi, su yoxdur. Qışda soba qalayıb, məşq edirlər. Fədakarlığın da müəyyən bir həddir var. Azərbaycan teatr mühiti vahidləşməyib”.

“Teatrlar arasında inteqrasiya olsa, rayonda yaşayan aktyor da özünü əyalət aktyoru kimi hiss etməz. Bilər ki, bir-iki aydan sonra Bakıya gedib, tamaşa oynayacaq. Gürcüstanda əyalət-paytaxt teatrları bölgüsü yoxdur. Aktyorlar özlərini paytaxtda region teatrından gəlmiş kimi hiss etmirlər. Biz də bunu yaratmalıyıq”, – deyə ekspert vurğulayıb.

Mədəniyyət naziri Anar Kərimov deyib ki, 2022-ci ildə Azərbaycanda Teatr Agentliyi yaradılacaq.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button