2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Dedi, mən qalıram, siz gedin, qarşınıza ermənilər çıxacaq…” – YENİ LAYİHƏ – VÜSALƏ MƏMMƏDOVA YAZIR

Ermənistanın Azərbaycana hərbi təcavüzü dövründə itkin düşmüş, əsir və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı məsələ danışıqların gündəliyində hələ də həll olunmamış mühüm problemlərdən biri kimi qalır. 44 günlük Vətən Müharibəsindən sonrakı diplomatik təmaslar zamanı bu məsələ hər dəfə qaldırılsa da, Ermənistan tərəfinin onu ört-basdır etməyə və əməkdaşlıqdan yayınmağa çalışması səbəbindən hələlik nəticəsiz qalıb. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2020-ci il dekabrın 1-nə olan məlumata görə, qeydiyyatdan keçən itkin düşmüşlərin sayı 3890 nəfərdir.  

Bu insanların itkin düşdüyü konkret şərait, döyüşlər barədə aydınlaşdırıcı materiallara və ya sonrakı talelərinə azacıq da olsa işıq sala biləcək məlumatlara ehtiyac var. Media İnkişaf Mərkəzinin “İtkinlərimiz: 4000-dən hər biri” adlı yeni layihəsində həmin insanların, fərdi, yaxud toplu halda itkin düşdükləri şəraitin şahidlərin dilindən, habelə rəsmi mənbələrin bilgiləri əsasında detallı təsvir olunduğu jurnalist araşdırmalarının hazırlanması və bir neçə dilə tərcümə olunaraq, yayılması nəzərdə tutulur. 

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, “Pressklub.az” tanınmış jurnalist Vüsalə Məmmədovanın təqdimatında “İtkinlər” layihəsi çərçivəsində silsilə yazılara başlayır. 

***

İşğaldan azad edilən torpaqlara qayıdanda insanın ilk üz tutduğu yer doğulub böyüdüyü evi olur. Bu, elə izaholunmaz bir duyğudur ki, daşı-daş üstdə qalmayan bir yeri “evim” deyə, göstərirsən. Quruca torpağın üzərində əyləşib, “Evimdəyəm” deyirsən…

Ancaq elə insanlar var ki, onlar yurda dönəndə tək evlərinin yerini deyil, burada qoyub getdiyi doğmasının bircə nişanəsini tapmaq üçün ümidləri gələn hər yeri dolaşırlar. Onlar itkin ailələridir. Bu layihədə həmin ailələri tanıyacaq, I Qarabağ müharibəsində itkin düşən insanlarımız haqqında öyrənəcək, taleyindən bu günə qədər də xəbər çıxmayan soydaşlarımızın yaddaşlarda qalan sonuncu portretini yaratmağa çalışacağıq.

İlk müsahibim 74 yaşlı şair Ələkbər Sönməz söhbətə atası Ələsgər Kazımovu təsvir etməklə başladı.

– Atamın şəkli yoxdur, ancaq yaddaşımda dipdiridir! Kaş ki, mənim gözümlə baxa bilib, onun necə bir insan olduğunu görəydiniz. Hündür boyu var idi, təxminən 180-190 sm. Enli kürəkli, çəkisi bəlkə də 80 kilo olardı. Qarabuğdayı idi, qəhvəyi rəngdə xırda gözləri, seyrək çal saçları var idi… Bığı var idi, saqqal saxlamırdı… Çənəsi maili, burnu, qulaqları, əlləri, ayaqları… Hə, uzun ayaqları var idi atamın, iri addımlar atırdı. Uzaqdan gələndə kənddə hamı yerişindən tanıyardı onu… Ağ rəngdə protez dişləri ağzına bir az böyük idi. Daha çox sağ əlindən istifadə edirdi. Qan qrupunu bilmirəm… Çapıqları, yara yerləri, döymələri, anadangəlmə xalı, ləkəsi olmayıb. Bütün bunları dövlət qurumlarına, beynəlxalq təşkilatlara da demişəm…

– Atanızın neçə yaşı var idi? Bəzi sənədlərdə 1918, bəzilərində isə 1899-cu ildə doğulduğu yazılıb…

– Sənədlərdə fərqli yazılsa da, atam Kazımov Ələsgər Ələsgər oğlu özü deyirdi ki, 1902-ci ildə Kəlbəcərin Başlıbel kəndində anadan olub. 7 illik orta məktəbi oxuyub. O vaxt hələ kolxoz yox idi, şəxsi təsərrüfatı ilə məşğul olub. 

– Müharibədə də iştirak edib… 

– Bəli, atam 1938-ci ildə Laçın rayonunun hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Ukraynada hərbi xidmətdə olub. Kavaleriyada olub – yəni, atlı əsgər. 1939-cu ilin sentyabrında Sovet İttifaqı Polşanın şərqinə hücum edəndə atam da müharibədə iştirak edib. Sonra isə Qış müharibəsinin – SSRİ-Finlandiya müharibəsinin iştirakçısı olub. Müharibə başa çatandan sonra ordudan tərxis olunaraq, doğma kəndi Başlıbelə qayıdıb. 

– Ancaq sonra yenə müharibədə iştirak edib.

– 1941-ci ildə II Dünya müharibəsi başlayıb. Atam dekabrın 18-də Kəlbəcər hərbi komissarlığından orduya çağırılıb. Böyük Vətən müharibəsinin fəal iştirakçılarından olub. Müharibə başa çatdıqdan sonra yenidən kəndə qayıdıb, kolxozda quruculuq işləri ilə məşğul olub. Atam İstisu-Tərtər yolunun açılmasında da ən fəal iştirakçılardan biri olub. O vaxt texnika yox idi, əkin əkəndə, taxıl biçəndə əl əməyindən istifadə olunurdu. Öz dediyinə görə, gün ərzində 250 dərz taxıl biçib bağlayırmış…

– Bəs müharibə haqqında nə deyirdi?

– Atam o qədər dürüst insan idi ki… O günlərlə bağlı mənə çox xatirəsini danışıb. Onlardan birini heç vaxt unuda bilmirəm… 

– Mənə də danışa bilərsiniz?

– Əlbəttə! Söhbət eləyirdi ki, bir axşam kazarmaya qayıdanda gördüm yerə pul kisəsi düşüb, götürdüm. Axşam yatan vaxtı açıb baxdım ki, içində xeyli pul, bir hərbi bilet və bir də ailə şəkli var. Bildim ki, hərbçidir. Ancaq necə edim? Kimin olduğunu haradan bilim? Düşündüm ki, bir elan yazıb yapışdırsam, sahibi tapılar. Bir kağıza elan yazıb aparıb yeməkxananın, kazarmanın qapılarına yapışdırdım. Qayıdanda gördüm elanı cırıb atıblar. Yenidən yazdım, yenidən cırdılar. Bu minvalla, iki aya yaxın qapılara elan yazıb yapışdırdım. 

Bir axşam gördüm deyirlər “Kazımov Ələsgər!” Qalxdım ayağa. Məni apardılar komandirin yanına. Burada bir nəfər azərbaycanca danışırdı. Soruşdu ki, qardaş, sən camaatı niyə bezdirmisən? Bu nədir gündə yazıb vurursan qapılara? Bu məsələdən ötəri mən düz üç gündür yol gəlirəm. Çağırıblar ki, gəlib soruşum sənin tələbin nədir? Nə istəyirsən?

Atam deyir, dedim mənim tələbim odur ki, belə bir əşya tapmışam, istəyirəm sahibinə çatdıram. Dedi ki, “qardaş, sən tək bizi yox, bütün Azərbaycanı buradakıların gözündə ucaltdın. Halal olsun sənə!”

– Bundan sonra hərbçini tapmaq daha asan olar.

– Deyirdi elə həmin günü hərbçini tapıb gətirdilər, mənə də təşəkkür elədilər. Soruşdular ki, nəyə ehtiyacın var? Dedim ki, rus dilindən çox çətinlik çəkirəm. Heç bir sözü başa düşə bilmirəm. Azərbaycanlı “bir vərəq, bir qələm gətir, sənə bir-iki söz deyəcəm, onunla hər şeyi biləcəksən”, deyib. Kağıza yazdırıb ki, “как это называется”. Yəni ki, bunun adı nədir? Tapşırıb ki, bu sözü öyrən, nə vaxt çətinə düşdün, həmin əşyanı göstərib, soruş, onda sənə deyəcəklər bu qaşıqdır, bu bıçaqdır, bu da çörəkdir… 

– Qismətə bax, atalarımız dilini bilmədiyi “vətəni” qorumalı olublar…

– Bəli, qızım. Dili də müharibədə öyrənib. Deyirdi, onunla da hər şeyi mükəmməl öyrəndim… Atam çox comərd adam idi. Malı olmayana mal, atı olmayana at verirdi.

– Tanıyanlar deyir ki, həm də çox həyat dolu insan olub.

– Həddindən artıq şən, zarafatcıl adam idi. Hamını danışdırıb güldürər, sevindirərdi. Soruşurdular ki, vəziyyətin necədir, deyirdi hamının vəziyyətindən yüksək! Bir vaxtlar şal paltar geyinirdik, indi olub xarici kostyum. Hisli çıraq yandırırdıq, indi olub elektrik. Ocağı qalayırdıq, evdə tüstüdən bir-birimizi görə bilmirdik. İndi olub elektrik sobası. Hər şərait indi yaxşıdır. Belə insan idi o…

Avtomobilimiz Başlıbel kəndinə çatanda o susur. Dağıntılarını səssiz seyr edərək, sürücüyə kəndin içindən keçib getməyi tapşırır. Kənddən çıxıb, Dəlidağın ətəyinə çatanda maşından enirik. Buradan o yana avtomobil yolu yoxdur. Yeyin addımlarla dağı enib, çayı keçir. Arxasınca gedirəm, addımlarını o qədər itiləşdirir ki, ona çatmaq mümkün olmur. Mən çayı keçməyə çalışanda o artıq qarşıdakı dağın başına çatıb, kahalarda gözdən itir…

…Mən ona çatanda o bir kahanın qarşısında əyləşib, əlindəki ağaca söykənmişdi… Gözləri yaşarmış, dodaqları titrəyirdi. Yaxınlaşıb, yanındakı daşın üzərinə çökürəm. Yanımdakı stəkanı görəndə təəccübümü saxlaya bilmirəm:

– İlahi… Bu stəkan 28 il ərzində qoyulduğu yerdə qalıb…

– Kahanın içində uşaqların pal-paltarı, oyuncaqları da qalır… Girib baxdım… Bircə atamdan heç bir iz yoxdur… 28 ildir bu kahalarda atamdan bir iz tapacağıma ümidimi itirməmişəm. Çünki bu kahalar ən ağır günlərimizdə bizim ümid yerimiz, sığınacağımız olub. 1993-cü ildə Kəlbəcərin işğal edildiyini eşidəndə evimizdəydik. İnanmadıq… Bu necə ola bilərdi? Kənd camaatı Murovdağa üz tuturdu. Atam bizi də götürüb buraya, Barutlu kahasına gəldi. “Bir neçə gün burada gözləyək, görsək sakitlikdir, sonra yenə evimizə qayıdarıq” dedi. Beləcə, biz 62 nəfərlə kahalara sığınıb, kəndi müşahidə etməyə başladıq. Erməni hərbçilərinin kəndə necə girdiyini, yurdumuzu necə taladığını, evlərə necə od vurduğunu gözümüzlə gördük… Mal-qaranı qabaqlarına qatıb, evləri isə yük maşınlarına yükləyib, aparırdılar… Artıq geri qayıtmağın mümkün olmadığını başa düşdük…

– Ancaq qadınlarla, körpə uşaqlarla, yaşlılarla Murova üz tutmaq da asan deyildi…

– Həqiqətən də bu ölümü gözə almaq idi. Biz mühasirədə idik… Bir müddət gizlicə kahalarda yaşadıq. Ermənistan silahlı birləşmələri bizim gizləndiyimiz yeri müəyyən edərək, aprelin 18-də axşamüstü kahalara hücum etdilər. 62 nəfərdən 12-sini amansızlıqla qətlə yetirdilər, 14 nəfəri isə girov apardılar. Biz isə qaçaraq, yuxarıdakı kahalarda gizlənməyi bacara bildik. Rəhmətlik həyat yoldaşım hər iki qolundan güllə yarası aldı. Azyaşlı övladlarımla özüm də atılan qumbaralardan qəlpə yarası almışdıq…

– Və mühasirə həyatınız düz 113 gün çəkdi…

– Çox ağır günlər yaşadıq. Mühasirədən çıxmaq üçün yola hazırlaşanda atam öz tövsiyələrini verirdi. Yola nə götürək, necə davranaq… Nə ağlımıza gələrdi ki, əsas sirrini bizdən gizlədir? Səhər yola düşəndə dedi ki, “mən burada qalacağam!” Əvvəlcə başa düşmədik, necə yəni burada qalacağam? “Siz gedin, mən isə doğma yurdumdan heç yerə gedən deyiləm”, dedi. “Zamanında uzaq ölkələrdə savaşdan-savaşa atılanda məni kəndimə qayıtmaq arzusu sağ saxlayıb. İndi heç bir müharibə məni doğma yurdumdan ayıra bilməz. Bu yaşdan sonra mən bütün nəsil-kökümün uyuduğu torpağı qoyub gedə bilmərəm!” Hamımız nə qədər yalvardıq… Razı sala bilmədik… 

– Beləcə, ayrılmaq məcburiyyətində qaldınız…

– Yurddan ayrılmaq onsuz da asan deyil. Üstəlik, doğma atanı da dirigözlü qoyub gedirsən… (Ağlayır) Qəribə bir mistikası var idi atamın. Hamımızı öpüb, ovsunlayıb, yola saldı. Dedi ki, gedin, siz mühasirədən sağ-salamat çıxacaqsınız. Yolda erməni hərbçilərinə rast gələcəksiniz, ancaq onlar sizi görməyəcək, hiss edirəm, aranızda gözəgörünməz bir pərdə olacaq. Belə də oldu… Günlərlə yol gələndə bir də onda xəbər tutduq ki, onların postunun üstünə gedirik. Ancaq gözlərindən yayına bilmişdik…

– Vidalaşarkən başqa heç nə demədi?

– Nə qədər qəribə olsa da, “bir gün yenə sağ-salamat qayıdıb gələcəksiniz”, dedi və budur, balalarımla yenə kəndimə, Barutlu kahasına gəlmişəm… 

Oğlu Habil söhbətə qarışır:

– Ancaq bir sözü düz çıxmadı. “Mən sizi burada qarşılayacağam” demişdi, yoxdur… Ata, qalx. Qalx, yuxarı çıxaq, Nəbi kahasına da baxaq… Bəlkə orada bir nişanəsini tapa bildik. O başqa yerə gedə bilməz. Babam bütün gücünü bu dağlardan alırdı. Ömürlük də bu dağlarda qaldı… 

– Habil, babanızdan ayrıldığınız günü necə xatırlayırsınız?

– Babam çox şən insan idi. Hətta o mühasirədə qaldığımız müddətdə, o əzablı günlərdə də bizi başına toplayıb danışırdı. O danışanda elə bil bir günəş doğurdu, ümid işığı yaranırdı. Mən indi atamın nələr çəkdiyini başa düşürəm. Babamdan ayrıldığımız günü xatırladıqca şam kimi əriyirəm… 1993-cü il iyulun 17-də səhər-səhər babamla sağollaşdıq. Son dəfə bax, o döngədəki daşın yanından keçəndə geriyə çevrildim, gördüm babam arxamızca baxır. Qolumda saata baxdım, 8-ə 20 dəqiqə işləmişdi. Yəni o dəqiqə, o an, o saat bu dəqiqə də gözümün qarşısındadır. Barutlu kahasının qarşısında dayanıb gözdən itənə qədər arxamızda baxır, duruşu, baxışı ilə bizimlə vidalaşırdı… Bu, mənim yaddaşımdakı sonuncu baba portretidir…

Nəbi kahasına qalxanda dayanıb geriyə çevrildi. Hüznlə xarabazara çevrilən Başlıbel kəndinə baxıb, dedi:

– Atam bu günü görürdü. Hər şeyi elə dəqiqliyi ilə təsvir eləmişdi ki…

– Nə demişdi ki?

– 1985-ci ildə bir neçə nankor atama qarşı haqsızlıq elədi. Heç bir dövlət orqanına şikayət eləmədi. Dedi “mən şikayətimi Allaha edirəm”. Allah da o adamları elə cəzalandırdı ki, bütün kəndə görk oldu. O vaxt hamı dəstə-dəstə gəlib kişini ziyarət edəndə atam onlara belə bir söz dedi: “10 il çəkməyəcək, bu kənd dağılıb xarabalığa çevriləcək. Bu kənddə bircə mən qalacağam!” Cəmi 8 ilə dediyi söz yerini aldı… Əhali çıxdı, kənd dağıdıldı, burada yalnız atam qaldı… 

Vüsalə Məmmədova 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Kazımov Ələsgər Ələsgər oğlunun axtarışlarını davam etdirir. Axtarışlarda Ələkbər Sönməz və oğlu Habil Ələsgərov da iştirak edir.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button