2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gəncədə Qarabağ əlili ölümündən sonra bəraət aldı

Yayımlandı: 19 Oktyabr 2022 18:17

Evə 1 kq narkotiki kim qoyub?

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının narkotik ittihamıyla tutduğu iki ayrı işdə məhkəmə həmin şəxslərin təqsirsiz olduğu qənaətinə gəlib. Ona görə də təqsirləndirilən şəxslərin – Müşfiq Vəliyev və Elsevər Nəbiyevin hər biri haqqında bəraət hökmü çıxarılıb. Lakin ikinci qrup Qarabağ əlili olan Müşfiq Vəliyev bəraət aldığını bilmədən – məhkəmə prosesinin gedişində vəfat edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bəraət hökmlərinin hər ikisi Gəncə Ağır Cinayətlər Məhkəməsində verilib – Elsevər Nəbiyev haqqında hökm oktyabrın 11-də, Müşfiq Vəliyev haqqında isə oktyabrın 17-də çıxarılıb.1 kiloqram narkotiki evə polislər qoyub?

Elsevər Nəbiyevin üstündən 3 qrama yaxın, evindən isə 1 kiloqramdan artıq narkotik – heroin tapıldığı iddia olunurdu. Hətta bununla bağlı Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının uğurlu əməliyyat keçirməsi, 1 kiloqramdan artıq narkotik tapması haqda məlumat yayıb. Müxtəlif media orqanları da həmin məlumatı tirajlayıb.

Elsevər Nəbiyev etiraf edir ki, 3 ildir narkotik istifadəçisidir. 2021-ci ilin yayında polislər onu protokollarda yazılanlardan fərqli olaraq, küçədə yox, evdə oturduğu yerdə gəlib aparıblar. Onun sözlərinə görə, polislər gələndə elə yenicə narkotikdən istifadə etmişdi.30 yaşlı Elsevər Nəbiyev bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsində o qədər döyülüb, ona aidiyyəti olmayan narkotiki boynuna götürməkdən başqa çarəsi qalmayıb. O, işgəncəyə məruz qalmasına görə Gəncə Şəhər Baş Polis İdarəsinin Rəşad, Comərd və Sərxan adlı əməkdaşlarını ittiham edib. Onun sözlərinə görə, tələb olunan ifadəni verməyə razılaşandan sonra onu nə deyəcəyi haqda əvvəlcədən öyrədib, sonra kamera qarşısına çıxarıblar. Həmin çəkiliş zamanı o da öyrədildiyi kimi danışıb. Deyib ki, evdə də narkotik var.Elsevər Nəbiyev onu da bildirib ki, evlərinə iki dəfə baxış keçirilib. Birinci dəfə onu gəlib tutub aparanda axtarıblar, heç nə tapmayıblar. İkinci dəfə idarədə döyəndən sonra birlikdə evə qayıdıblar. Polis əməkdaşları narkotiki çarpayının yanındakı şkafa yerləşdirib, ona da deyib ki, kamera çəkə-çəkə gedib onu götürsün.

İstər saxlandığı vaxt, istərsə də sonradan narkotik tapılması barədə çəkiliş edəndə evdə heç kim olmayıb.

Bundan başqa, Elsevər Nəbiyev istintaqa ifadəsində göstərib ki, evindən tapılan narkotiki bir neçə gün əvvəl Bakıda avtovağzal yaxınlığında İran vətəndaşından alıb. Amma məhkəmədə bildirib ki, o, son vaxtlar ümumiyyətlə, Bakıya getməyib. Çünki bundan əvvəl oğurluğa görə ona verilən azadlığın məhdudlaşdırılması cəzasıyla əlaqədar Gəncəni tərk edə bilməz. Bu cəzanın icrasına nəzarət məqsədilə ona elektron bilərzik vurulub. Əgər Gəncəni tərk etsəydi, dərhal icra və probasiya şöbəsi bundan xəbər tutardı. O vurğulayıb ki, polis idarəsində elə öyrədildiyinə görə kamera qarşısında da narkotiki Bakıda İran vətəndaşından aldığını deyib.

Məhkəmə də araşdırıb və əmin olub ki, həqiqətən Elsevər Nəbiyev Bakıya getməyib.

Elsevər Nəbiyev polis idarəsindən istintaq təcridxanasına köçürüləndə onun üzərində çoxsaylı xəsarətlər olub. Təcridxanada müayinə zamanı onlar qeydə alınıb. Elsevər Nəbiyevdən xəsarətlərin səbəbini soruşduqda isə o, polislər tərəfindən döyüldüyünü bildirib.

Hakimlər işgəncə və ziddiyyətli halları nəzərə alaraq, belə nəticəyə gəlib ki, Elsevər Nəbiyevə qarşı ittiham sübuta yetirilməyib. Ona görə də oktyabrın 11-də hökm elan edilərkən məhkəmə zalından azadlığa buraxılıb.

Qarabağ əlili onu şərlədiyini deyən polislərə görə minnətdarlıq edir?

Qarabağ əlili Müşfiq Vəliyev səhhətindəki problemlərə görə istintaq dövründə həbs edilməyib, onun barəsində alternativ qətimkan tədbiri seçilib. O, məhkəmədə dindirilərkən bildirib ki, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ona qarşı irəli sürülən ittiham böhtandır. Onun sözlərinə görə, üstündə nə marixuana, nə də başqa növ narkotik olub. Sadəcə, təzyiqlərə dözməyərək, ittihamda göstərilən narkotikin cibindən çıxması haqda ifadə verib.

Mərhum Müşfiq Vəliyev narkotiki cibinə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəis müavini Şahin Musayevin atdığını bildirib. Polkovnik-leytenant Şahin Musayev Müşfiq Vəliyev həbs olunduğu dövrdə hazırda rəis müavini olduğu idarədə əməliyyat müvəkkili vəzifəsində çalışırdı. O, 2022-ci ilin iyulunda rəis müavini təyin edilib.

Müşfiq Vəliyevin tutulması haqda protokollarda Şahin Musayevin həmin əməliyyatda iştirakı göstərilməsə də, özü məhkəmədə dindirilərkən bunu təsdiqləyib. O etiraf edib ki, Qarabağ əlilinin saxlanması əməliyyatının iştirakçılarından biri olub. Amma bunun niyə rəsmiləşdirilmədiyinə aydınlıq gətirilməyib. Polis polkovniki saxlanılan şəxsin cibinə narkotik atılması, ona təzyiq göstərilməsi haqda iddiaları isə rədd edib.

Bu işdə diqqət çəkən məqamlardan biri də mərhum Müşfiq Vəliyevin Daxili İşlər naziri Vilayət Eyvazova məktubudur. Bir tərəfdən şərləndiyini deyən Müşfiq Vəliyev digər tərəfdən məktubda Gəncə polislərinin humanizminə, ədalətinə görə nazirə və prezidentə minnətdarlıq edir.

“Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin apardığı siyasətin bəhrəsidir ki, bu gün polis orqanlarının fəaliyyəti nəticəsində ölkəmizdə əmin-amanlıq mövcuddur. Bunun üçün ailəm və mən dövlətimizə minnətdarıq.Bundan başqa, Gəncə şəhər Baş Polis İdarəsində barəmdə aprılan araşdırmadan razıyam. Belə ki, mənim barəmdə aparılan araşdırma obyektiv, qanuni və ədalətlidir. Ümumən polis orqanlarının, xüsusən də Gəncə şəhərinin polislərinin humanistliyindən, ədalətindən razıyam. Bununla bağlı cənab prezidentimiz İlham Əliyevə və sizə dərin minnətdarlığımı bildirirəm”, – 21 sentyabr 2021-ci il tarixli məktubunda yazılıb.

Müşfiq Vəliyev yaxınlarına deyib ki, bu məktubdakı mətni polislər yazıb və ondan imzalayıb göndərməyib tələb ediblər.

Yaxınları onu da bildirib ki, Müşfiq Vəliyevin saxta ittihamla cinayət məsuliyyətinə cəlb olunandan sonra onun səhhətindəki problemlər kəskinləşmişdi. O, iyulda – haqqında bəraət hökmü çıxarılmamışdan üç ay öncə vəfat edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button