SEÇMƏ

Göyçay sakini: “Şadlıq evinin tikintisi həyatımıza təhlükə yaradıb” 

Yayımlandı: 25 Sentyabr 2022 13:24

“Tikintinin qanunsuz olduğu deyilsə də, qarşısı alınmır”

“Evimlə bitişik ərazidə ikimərtəbəli şadlıq sarayı tikilir. Tikinti nəticəsində evimin özülünə ciddi zərər dəyir, həyatımız təhlükədədir”.

Bunu Meydan TV-yə Göyçay rayonu, Cəyirli kənd sakini Nazim Rəhimov deyib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tikintinin qanunsuz aparıldığını təsdiqləyib.

“59 ailənin yaşadığı massivində su arxının və böyük qaz borusunun üzərində ikimərtəbəli şadlıq sarayı inşa edilir. Bina evimin bir addımlığında tikilir, həyatımıza təhlükə yaradır”,-şikayətçi söyləyib. Bildirib ki, 2018-ci ildə də həmin ərazidə restoran tikmək istəyiblər, amma tikili sakinlərin şikayəti ilə sökülüb.

Nazim Rəhomov qeyd edib ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı İkram Vəliyevin qəbulunda olub, başçı həmin tikintiyə icazə verilmədiyini bildirib. Bundan sonra məlum olub ki, tikintiyə icazəni İcra Hakimiyyətinin Arxitektura Şöbəsinin müdiri İntiqam Süleymanovun rəyi əsasında sabiq icra başçısı Mehdi Səlimzadə verib. Fövqəladə Hallar Nazirliyinin Aran Regional İdarəsinin əməkdaşları tikiliyə baxış keçirib və qanunsuz inşa edildiyini bildiriblər.

“Övladım birinci qrup əlildir. Səs-küyün onun səhhətinə təsir edəcəyindən narahatam. Çünki indidən tikintinin səsinə, ustaların danışıqlarına reaksiya verir, narahat olur. Bina evimizə bitişikdir, tikintinin tozu, ustaların səs-küyü qapıları bağlasaq da, evin içərisində eşidilir. Tikilinin sahibi də rayonludur, deyir ki, heç kim mənə müdaxilə edə bilməz. Kəndin içində, evlərin arasında şadıq sarayının tikintisindən hamımız narazıyıq”,-kənd sakini deyib.

Nazim Rəhimovun sözlərinə görə, tikintinin qanunsuz aparıldığı deyilsə də, qarşısını alan yoxdur. Buna görə də tikintinin dayandırılması ilə bağlı Prezident İlham Əliyevə, föqəladə hallar naziri Kəmaləddin Heydərova, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edib.

Göyçay Rayon İcra Hakimiyyətindən deyiblər ki, şikayətdən xəbərdardılar, məsələ araşdırılır, müvafiq mütəxəssislərin rəyindən sonra qərar veriləcək.

Meydan TV

Gözdən qaçırmayın:  Anuş Apetyan kim idi – tibb bacısı, yoxsa snayper? 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button