Loading...
Loading...
SEÇMƏ

Lənkəran sakini: “Rasilə Əliyeva öz kabinetində məni döydü”

Vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdən sonra məmurlardan birinin şərləndiyi deyilir

“Rasilə Əliyeva elə bir sistem yaratmışdı ki, Lənkəranda hamı ondan qorxurdu. 2020-ci ilin martında məni öz kabinetində bir neçə nəfərin gözü qarşısında döydü, söydü, təhqir elədi. Hadisə ilə bağlı şikayətlərimə baxan olmadı, əksinə ondan şikayət etdiyim üçün polis bölməsində məni hədələdilər”.

Bunu Meydan TV-yə şikayətində Lənkəranın Parakənd kənd sakini, 34 yaşlı Elşən Şahbaz oğlu Malikov bildirib. Onun sözlərin görə, Rasilə Əliyeva yeniyetməni döyəndən sonra ictimaiyyətin təpkisi ilə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edisə də, rayonda söz sahibi olaraq qalır. Çünki az qala bütün qurumlara öz adamlarını yerləşdirib, rəhbər şəxslər arasında himayəçiləri var.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini işləmiş Rasilə Əliyeva qızının sinif yoldaşı, 4 saylı məktəbi şagirdini döyməsi ilə gündəmə gəlib.

İctimai narazılığa səbəb olan bu hadisədən sonra onun və 4 saylı humanitar təmayüllü məktəb-liseyinin direktoru Yeganə Əsgərovanın

işdən çıxarıldığı və prokurorluqda faktla bağlı araşdırma aparıldığı haqda məlumat yayılıb. Bundan sonra yerli mətbuatda icra başçısının keçmiş müavininin əməlləri ilə bağlı materiallar dərc olunmağa başlanıb.

“Məni çağırdı, dedi ki, Ramin müəllimi ilişdirmək lazımdır”

Rasilə Əliyevadan şikayətçi olan Elşən Malikov 2020-ci ildə Lənkəran-Astara Regional Məşğulluq Mərkəzində fəhlə işləyib. Deyir ki, Rasilə Əliyeva onu kabinetinə çağıraraq Lənkəran Şəhər Dövlət Məşğulluq Xidmətinin direktoru Ramin Hüccətovdan şikayət etməsini tələb edib:

“Məni çağırdı, dedi ki, Ramin müəllimi ilişdirmək lazımdır. Dedim ki, mən nə işləyirəm ki, onu da ilişdirim? Pul təklif etdi, imtina etdiyim üçün döydü, təhqir elədi. Həmin vaxt otağında icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Emin Quliyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Günəş Quluzadə və daha bir neçə nəfər var idi. Anamı söydü, ona qarşılıq vermədim, çünki bilirdim ki, qarşılıq versəm məni də tutduracaq. Heç kim onun tapşırığına qarşı çıxa bilməzdi, kimi istəyirdi hədələyirdi, kimi istəyirdi döyürdü. Ramin müəllim sonradan işdən çıxdı, indi başqa qurumda çalışır”.

Meydan TV əməkdaşının “niyə məhz sizi bu işə cəlb edirdi” sualına Elşən Malikov belə cavab verib:

“Əvvəllər mən ona zəng edib bəzi məmurlardan şikayət etmişdim”.

Şikayətçi deyir ki, bundan sonra Rasilə Əliyeva onu “qaralayıb”. İş ora çatıb ki, fəhləlik edərək çörək pulu qazanmasına imkan verilməyib. “Təkcə məni deyil, tapşırığını yerinə yetirməkdən imtina edən hamını döyürdü. Deyirdi ki, mənim bir Allahım var, o da icra başçısıdır. Yaxını polisdir, hamını onunla hədələyirdi. İki ildən artırdır heç yerdə işləmirdim, kimsə cibimə beş manat qoyurdu, onunla çörək alırdım. Çox çətinlikdən sonra Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Bölməsində işə başlamışam. Düzgün araşdırma aparılsa, Rasilə Əliyevanın kimləri şərə salıb idən çıxardığı aşkara çıxar”.

İcra başçısı göstərdi ki, Rasilə Əliyevanın arxasındadır”

Rasilə Bayramovadan narazı olan daha bir Lənkəran sakini də Meydan TV-yə üz tutub. Hazırda vəzifədə olduğu üçün adının çəkilməsini istəməyən sakinin sözlərinə görə, Rasilə Əliyevanın işdən çıxarıldığını eşitdikdə çoxu kimi o da sevinib, amma sonrakı gediş baş verənlərin görüntü olduğunu göstərib:

Gözdən qaçırmayın:  Türkiyənin günahı və günahsızlığı 

“Rəsilə Əliyeva Lənkəranda sanki bir mafiya yaradıb. Bütün qurumlarda adamı var, şəbəkə halındadır. Hamı da onu Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyevin adamı kimi tanıyır. Hətta məndə olan məlumata görə, ictimai səs-küydən sonra Hikmət Hacıyevin israrı ilə Rasilə xanım vəzifəsindən uzaqlaşdırılıb. Ona yaxın olan hər kəs deyir ki, bu uzaqlaşdırma müvəqqətidir, nə qədər Nağdəliyev vəzifədədir, o qədər də Rasilə Əliyevanın sözü keçəcək. Vəzifəsindən çıxandan sonra icra başçısı Taleh Qaraşov şəhərdəki restoranların birində onunla yemək yeyərək göstərdi ki, arxasındadır”.

Vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüyünə görə xanımın əri işdən çıxarılıb?

Rasilə Əliyeva ilə məktəblinin arasında yaşanan qalmaqaldan sonra uşaq və qadın problemləri ilə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələri Lənkəranda olub, sakinlərlə, yerli məmurlarla görüşüb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, görüşlər təkcə bu hadisə ilə bağlı olmayıb. Rayonda fəaliyyət göstərən təşkilat rəhbərlərinin bir neçəsi də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşərək hansı layihələri reallaşdırmağın mümkünlüyünü müzakirə ediblər. Ancaq bu görüşdən sonra xanımlardan birinin icra hakimiyyətində işləyən həyat yoldaşı işdən çıxarılıb.

“Adam axşam saatlarında evdə olduğu halda barəsində saxta protokol tərtib edilib, guya içkili vəziyyətdə maşın sürüb. Sonra da bu məlumat mediaya ötürülüb və adam cəzalandırılıb. Səbəb də odur ki, qurum rəhbərlərinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə icazəsiz görüşü icra başçısının xoşuna gəlməyib, “göz dağı” vermək istəyib”, – adının açıqlanmasını istəməyən mənbə deyib.

Meydan TV-nin cəzalandırıldığı deyilən şəxslərlə danışmaq cəhdi baş tutmayıb. Bildirilib ki, onlar bu barədə danışmaqdan çəkinirlər.

Yeniyetmənin telefonundakı şəkillər yayılır

Yerli sakinlərin verdiyi başqa bir məlumatda isə deyilir ki, Rasilə Əliyevanın yeniyetmənin telefonundan götürdüyü şəkillər də müxtəlif sosial şəbəkə hesabından yayılıb. İcra başçısının keçmiş müavini mətbuata verdiyi açıqlamalarda azyaşlının telefonunda “tərbiyəsiz foto və videoların” olması haqda danışmışdı. Sakinlər Meydan TV-yə deyib ki, yeniyetmə idmanla məşğul olduğundan telefonunda bəzi idman hərəkəti görüntüləri olub.

“Həmin görüntülər xarici saytlardan götürülmüş başqa bir görüntü ilə fotomontaj edilərək bəzi hesablardan yayımlanır. Texnologiyadan bir az başı çıxan adam o dəqiqə müəyyən edə bilir ki, hər iki fotodakılar fərqli adamlardır”.

Yeniyetmənin anası Meydan TV-yə deyib ki, qızı ilə bağlı bütün məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, ona görə də bu barədə danışmaq istəmir.

Rasilə Əliyeva cavab vermir, digər məmurlar sualdan qaçır

Rasilə Əliyevanın məsələyə münasibətini öyrənmək mümkün olmayıb. Meydan TV onunla əlaqə saxlaya bilməyib. İcra başçısının keçmiş müavininə məxsus telefon nömrələrindən birinə artıq zəng çatmır, digərinə isə cavab vermir. İşlək nömrənin “Whatsapp” hesabından yazılmış sual oxunsa da, yenə cavablandırılmayıb. Rasilə Əliyevanın ev telefonuna cavab verən xanım isə Meydan TV-nin adını eşidən kimi dəstəyi asıb və bir daha cavab verməyib.

Lənkəran Rayon İcra Hakimiyyətindən isə deyilib ki, artıq Rasilə Əliyeva orada çalışmadığından onunla bağlı sualları cavablandıra bilməzlər. Taleh Qaraşovun adının hallanmasına gəlincə, qurumdan bununla bağlı da açıqlama vermək istəməyiblər.

İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Emin Quliyev isə sualı dinləyəndən sonra cavablandırmadan imtina edərək dəstəyi asıb. Günəş Quluzadə də telefon zənglərinə cavab verməyib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button