Loading...
Loading...
SEÇMƏ

“Polis poqonuna güvənib, uşağı təpiyinin altına salıb, döyüb”

Bunu Füzuli rayon sakini olan 12 yaşlı Röyal Qəniyev deyir.

Röyalın ailə üzvləri Meydan TV-yə danışır ki, o, mayın 11-də İmişli stansiyasının xətt polis şöbəsinin rəisi vəzifəsində işləyən Kamandar Əsədov tərəfindən döyülüb. Hadisə Röyalın yaşadığı Qarabağ kəndində baş verib. Röyalın əmisi Səməddin Həziyev deyir, səbəb uşağın polis rəisinin avtomobilinə icazəsiz minməsi və avtomobilin mühərrikini işə salması olub:

“Kamandar Əsədov qardaşımgilin həyətində özünə ferma düzəldib. Həmin gün maşınını gətirib düz qardaşımgilin qapısının qarşısında saxlayıb. Röyal evdən çıxanda görüb maşının açarı üstündədir, uşaq marağı güc gəlib, oturub, açarı burub, maşının mühərriki işə düşüb, sonra da söndürüb, düşüb, gedib uşaqlarla futbol oynamağa.Yəni maşını yerindən tərpətməyib heç. Kamandar bundan xəbər tutan kimi başlayıb uşağı axtarmağa. Məktəbin yanında tutub, uşağı döyə-döyə yıxıb yerə, üzünə, başına təpiklə vurub, orda da atıb, çıxıb gedib”.

Səməddin Həziyev deyir, Röyalın atası Qəniyyət Həziyev yataq xəstəsi olub, hadisədən bir həftə sonra – mayın 19-da vəfat edib. Ona görə də Röyala qarşı şiddətin cəzasız qalmaması üçün əmisi olaraq o çalışır:

“İş prokurorluqdadır, bu işi belə qoymayacağıq. Sən polis rəisisən deyə, qarşındakı əl boyda uşağı döyməlisənmi? Əvvəla, qardaşımın qapısında maşın saxlayanda düşünməliydi ki, bu həyətdə azyaşlılar var, açarı maşının üstündə qoyub getmək təhlükəlidir. Birdən o uşaq o maşını sürüb aparıb aşırsaydı, ölsəydi, o polis rəisi uşağın ailəsinə necə cavab verəcəkdi? Özü qanun keşikçisi ola-ola qanunu pozub, açarı maşının üstündə qoyub gedib, hələ utanmazcasına qaça-qaça gedib uşağı tapıb, salıb təpiyinin altına…”

Səməddin Həziyevin sözlərinə görə, o, hadisədən təsadüfən xəbər tutub:

“Mayın 12-də qardaşımgilə gedib uşağın üzündəki qançırları görməsəydim, bu məsələ belə də batıb gedəcəkdi. Çünki qardaşım son günlərini yaşayırdı, heç danışa bilmirdi. Uşağı götürüb getdim Kamandarın qapısına, dedim, uşağı niyə döyüb bu günə salmısan? Dedi: “Maşını “xoddayırdı“”. Dedim, sən niyə gətirib maşınını orda saxlayıb, açarları üstündə qoyub getmisən ki, uşaq da ona müdaxilə eləsin? Kamandarın arvadı çölə çıxdı, dedi, döyüb, əcəb eləyib, get, hara istəyirsən şikayət elə…”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə deyib ki, Füzuli Rayon Polis Şöbəsində toplanmış bütün materiallar baxılması üçün Füzuli Rayon Prokurorluğuna göndərilib:

“Hazırda araşdırmalar davam edir. Araşdırmanın nəticəsindən asılı olaraq əlavə hüquqi qiymət veriləcək”.

Füzuli Rayon Prokurorluğundan isə bildirilib ki, Röyal Həziyevin xəsarətləri ekspertizayla təsdiqlənib. Araşdırmalar davam edir.

Gözdən qaçırmayın:  “Tərtər işi”: “Onlar 1 yaş yarımlıq övladımın kürəyinə ayaq qoymuş insanlardır”

Kamandar Əsədov əslən Füzulidəndir. Əvvəllər Füzuli Rayon Polis Şöbəsinin rəisi olub. O vaxtkı daxili işlər naziri Rami Usubov 2014-cü ilin yanvarında keçirilən kollegiya iclasında Kamandar Əsədovun fəaliyyətini ciddi tənqid etmişdi, onun rəhbərlik etdiyi polis şöbəsini yoxlamağı tapşırmışdı. Bundan təqribən bir ay sonra isə nazir polis şöbəsinin rəisini işdən çıxarmışdı. Sonradan Kamandar Əsədov İmişli stansiyasının xətt polis şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button