2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Putinin başqa yolu qalmadı: Ukraynaya başkəsənləri göndərir

Bir neçə gün əvvəl Qərb mediasında kəşfiyyat mənbələrinə istinadən  belə bir məlumat yayılmışdı ki, Rusiya Yaxın Şərqdən Ukraynaya döyüşmək üçün muzdlular toplayır. ABŞ-da nəşr olunan “The Wall Street Journal”da dərc olunan məqalədə qeyd olunurdu ki, söhbət şəhər şəraitində döyüşmək təcrübəsi olan döyüşçülərin Ukrayna cəbhəsinə gətirilməsindən gedir. Təsadüfi deyilmiş…

Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Yaxın Şərqdən 16 min könüllü müharibədə Rusiyanın tərəfində döyüşməyə hazırdır. Prezident Vladimir Putin isə bu gün – martın 11-də Təhlükəsizlik Şurasının onlayn iclasında deyib ki, Ukraynaya qarşı müharibəyə əcnəbilərin cəlbinə icazə veriləcək. O, vurğulayıb ki, Ukraynada Rusiya qüvvələrinə əcnəbilərin qoşulması ideyasını dəstəkləyir. “Könüllü əsasda kömək etmək istəyən adamlar görsəniz, onları yarı yolda qarşılayıb, döyüş zonalarına getməsinə kömək edin”, – Putin televiziya ilə yayımlanan iclasda deyib.

Putin Şoyqunun daha bir təklifinə razılıq verib. Nazir təklif edib ki, müharibədə qənimət kimi götürülən “Javelin” və “Stinger” kimi ABŞ istehsalı olan tank əleyhinə sistemlər Ukraynanın şərqində olan separatçılara verilsin.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Ukrayna da Qərb ölkələrindən gələn könüllülərin döyüş əməliyyatlara qatılmasını qanuniləşdirib. Fevralın 28-də Prezident V.Zelenskinin fərmanı ilə Beynəlxalq legion yaradılıb. Rəsmi qurumların məlumatına görə, bu legionun tərkibində, peşəkar hərbiçilər də daxil olmaqla, 20 mindən artıq döyüşçü cəmləşib.

Rusiyanın da bu yola əl atması maraq doğurur. Kifayət qədər böyük saya malik ordusuna rəğmən Putin nədən Ukraynaya Yaxın Şərqdən “könüllülərin” cəlb edilməsinə razılıq verib? Bu qərar ordunun cəbhədə olduqca aşağı performans göstərməsi ilə bağlıdır, yoxsa onun arxasında başqa gizli məqsədlər var?

Politoloq Elxan Şahinoğlu Rusiya rəhbərliyinin bu qərarını bir neçə səbəblə izah edir: 

“Birincisi, Rusiya ordusu Ukraynada güclü müqavimətlə üzləşib. Kreml Ukrayna ordusunun və cəmiyyətinin bu şəkildə müqavimətini gözləmirdi. Görünür, Rusiya kəşfiyyatı Kreml sahibini müharibədən öncə inandırıb ki, döyüşlər cəmi bir neçə gün çəkəcək və Kiyev dərhal təslim olacaq, Ukrayna prezidenti isə postunu qoyub qaçacaq. Proqnozlar yanlış çıxdı və iki həftədən çox davam edən müharibədə Rusiya ordusu ciddi itkilər verir, döyüşmədən təslim olan rusiyalı hərbçilərin sayı artır. Belə vəziyyətdə Putin onun inamını doğrultmayan müdafiə naziri Sergey Şoyqunun məsləhəti ilə Yaxın Şərqdən “müttəfiqlərini” cəlb etməyi məsləhət bilib. Əslində, bu qərar Ukraynada Rusiya ordusunun ağır durumda olmasının etirafıdır.

İkincisi, Ukrayna tərəfdən də döyüşmək istəyən könüllülərin sayı artıb. Dünyanın müxtəlif ölkələrindən Ukraynaya könüllü axını var, onların içərisində peşəkar hərbçilər də var. Həmin könüllülər döyüşlərdə Rusiya ordusunun itkilərini artıracaqlar. Putin də eyni addımı ataraq, beynəlxalq aləmə bu mesajı verir: “Siz tərəfdə muzdlular vuruşursa, biz tərəfdən də muzdlular olacaq”. Kreml Rusiya tərəfdən döyüşəcək könüllülərin guya pulsuz savaşacaqlarını bildirib. Buna kimsə inanmaz. Ukrayna hakimiyyəti gizlətmir ki, könüllülərə məvacib veriləcək. Rusiya da onlar tərəfdən savaşacaq könüllülərə – muzdlu döyüşçülərə valyuta ödəyəcək. Dünyanın heç bir yerində muzdlular havayı döyüşmürlər”. 

Sergey Şoyqu bildirib ki, Yaxın Şərqdən 16 mindən çox könüllü Rusiya tərəfdən döyüşlərə qatılmaq istəyir. Bu o deməkdir ki, Kreml könüllü məsələsini uzun müddətdir müzakirə edir, əks halda, 16 min rəqəmi peyda olmazdı. Bəs Rusiyanın “könüllü” dediyi döyüşçülər kimlərdir? 

E.Şahinoğlu hesab edir ki, Kreml, böyük ehtimalla, Suriyada Bəşər Əsəd tərəfdarı olan qrupları nəzərdə tutur. “Bunların içərisində “Hizbullah” da var. Bu qruplaşma Bəşər Əsədə dəstək verən əsas silahlı qruplaşmadır, mərkəzi Livanın paytaxtı Beyrutdadır. Livanın özündə iqtisadi vəziyyət ağırdır, “Hizbullah”ı illərdir maliyyələşdirən İranın iqtisadi durumu normal sayıla bilməz. Ona görə də “Hizbullah” döyüşçüləri və onların müttəfiqləri maliyyə vəziyyətlərini düzəltmək üçün Ukraynada döyüşmək təklifini geri çevirməzlər”, – politoloq qeyd edib.

Ekspert əlavə edib ki, Kremlin Avropada Qərb ölkələrinə ikinci Suriya yaratmaq istəyi aşkardır: “Ukraynadakı savaş beynəlmiləl xarakter daşımağa başlayıb. Ukraynada Rusiya ilə Qərbin maraqları kəsişdiyi kimi müxtəlif millət və silahlı qruplaşmaların, o cümlədən terrorçuların məskəninə çevriləcək. Kremlin siyasətini bu cümlə ilə izah etmək olar: Rusiyanı batırmaq istəyirsinizsə, biz də Sizi (Ukrayna və Qərbi) batıracağıq”

Siyasi təhlilçi Rauf Mirqədirov isə sual edir ki, Şoyqu Putinə məruzəsində hər şeyin plan üzrə getdiyini deyirsə, o zaman muzdluları niyə gətirir: “Bu addım məndə təəccüb doğurur. Əlbəttə, Ukraynaya da Qərbin bir çox ölkələrindən, o cümlədən Şərqi Avropadan döyüşmək üçün könüllülər gedir. Amma onlar azadlığı böyük dəyər hesab edirlər, dünyanın harası olur-olsun, onun uğurunda vuruşmağa, hətta həyatlarını qurban verməyə də hazırdırlar. Xüsusən, Şərqi avroplalılar rus imperializminin nə demək olduğunu yaxşı bilirlər və ona qarşı döyüşməyi özlərinə şərəf hesab edirlər”

R.Mirqədirov əlavə edir ki, Yaxın Şərq ölkələrində biri-birinə qarşı döyüşənlər belə deyil: “Məlumdur ki, bu adamlar demokratiya, insan haqları kimi bəşəri dəyərlərdən olduqca uzaq adamlardır. Uzun illərdir apardıqları mübarizə də etnik, klan, tayfa, nüfuz davalarıdır. Həmin döyüşçülərin hansı qüvvəni təmsil etməsindən asılı olmayaraq, bu, belədir”

Ekspertin sözlərinə Rusiya rəhbərliyi onları pulla tutub döyüşlərə göndərir və bunun çox ciddi səbəbləri var: “Əvvəla, Rusiyanın ildırımsürətli hücumla Ukraynanı işğal etmək planı iflasa uğrayıb, çoxlu sayda hərbçi, ağır texnika itirilib. Nəticədə orduda ciddi çaxnaşma yaranıb. Bunun bir neçə səbəbi var, ən əsası odur ki, ruslar özlərinə qardaş hesab etdikləri ukraynalılara qarşı döyüşmək istəmirlər. Putin hakimiyyəti isə bu mənzərəni görür və situasiyanı öz xeyrinə dəyişmək üçün variantlar axtarır. Əvvəlcə Çeçenistanın başçısı Ramzan Kadırovun ətrafındakı silahlı dəstələri Ukraynaya göndərdilər. Bu, olduqca iyrənc bir cinayətdir. Çünki pravoslav xristianlarını öldürmək üçün başqa dinin təmsilçilərini –müsəlmanları səfərbər etmək etnik, dini nifrəti qızışdırmaq cəhdidir. Amma bu plan baş tutmadı, nə çeçenlər, nə də başqa müsəlmanlar ukraynalıları özlərinə düşmən saymırlar, onlara qarşı döyüşmürlər. Əksinə, postsovet məkanındakı müsəlman xalqlarının nümayəndələri, o cümlədən azərbaycanlılar Ukrayna xalqının azadlıq mübarizəsinə qoşulub”

Rauf Mirqədirov vurğulayır ki, görünür, Putinin Yaxın Şərqdən insan öldürməyə, baş kəsməyə vərdiş etmiş quldurları Ukrayna xalqına qarşı göndərməkdən başqa çıxış yolu qalmayıb: “Bu, çox dəhşətli haldır, heç bir bəraəti olmayan cinayətdir. Amma Putin bundan sonra nə etməsindən asılı olmayaraq, Ukrayna xalqının azadlıq əzmini qıra bilməyəcək, o, artıq məğlubdur”.

Turqut

24 saat” “Putinin başqa yolu qalmadı: Ukraynaya başkəsənləri göndərir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button