2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sücaət Əhmədzadə: “Rusiya Azərbaycanla bir növ Moldovada oynadığı oyunu oynamaq istəyir”

“Geridə iki məsələ qalıb, tərəflərin siyasi iradəsi və deskruktiv xarici aktorların prosesə cəlb olunmaması”

Saytların yığılması Saytlarin yigilmasi

Konfliktoloq Şücaət Əhmədzadə ilə söhbətimiz Azərbaycan-Ermənistan danışıqlarının yenidən sərt müstəviyə keçməsi, Azərbaycan Müdafiə Nazirliyinin sülhməramlılara xitabən tələbləri və xarici siyasətin digər aspektlərinin yaratdığı suallar ətrafında qurulub.    

–       Şücaət bəy, son bir neçə həftədə Ermənistan-Azərbaycan münasibətlərində sərt ritorika artıb və atəşkəs də hər gün pozulur.  Ermənistanın Baş naziri Nikol Paşinyan Makronun Brüsseldəki görüşdə iştirakını şərt kimi qoydu və İlham Əliyev də bu səbəbdən görüşdən qarimtina etdi. Yaranmış durum eskalasiyaya gətirə bilərmi?

–       Hərbi eskalasiyanın baş tutması həmişə ehtimal olaraq mövcuddur. Amma bu barədə danışanda iki məsələyə diqqət yetirməliyik: hərbi və siyasi. Hərbi cəhətdən yanaşdıqda eskalasiyanın nə zaman, neçə müddətdə və harada baş tutacağına toxunmalıyıq. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan silahlı qüvvələri əsaəsən iki cəbhədə əməliyyat aparıblar, sülhməramlıların yerləşdiyi ərazidə və Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər, Laçın istiqamətində. Hərbi müstəvidən yanaşsaq, hazırda bir neçə indikator var ki, Qarabağda hərbi eskalasiyanın olmağını göstərir. Bunlardan biri Müdafiə Nazirliyinin son günlərdəki bülletenlərində atəşkəsin daha çox Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə pozulmasını göstərməsidir. Digər tərəfdən, nəzərə alaq ki, qarşıdan qış gəlir, Kəlbəcər, Laçın istiqaməti kifayət qədər ağır coğrafi relyefə malik cəbhədir, iqlim şəraitinin çətin olduğu indiki ərəfədə orada riskli hərbi əməliyyat olardı. Düzdür, nəzəri cəhətdən dediyim istiqamətdə hərbi əməliyyat mümkündür. Amma düşünürəm ki, hərbi cəhətdən indikatorlar göstərir ki, Qarabağ istiqamətində hansısa lokal və ya daha böyük hərbi əməliyyat başlaya bilər. Bütün bunlarla bərabər hərbi əməliyyatları analiz edərkən onu hərbi yox, həm də siyasi aspektini düşünmək lazımdır. Çünki hərbçilər planlaşdırma işlərini bir mərhələdə tamamlayandan sonra son qərarı siyasilər verir. Məhz siyasilər hərbi əməliyyatlara xarici reaksiyaları hesablayandan sonra “yaşıl işıq” yandırırlar. Bu regionda istənilən hərbi eskalasiyası zamanı 3 dövlətin-ABŞ-ın, kollektiv qərb olaraq Avropa İttifaqının və Rusiyanın reaksiyaları nəzərə alınmalıdır. Əgər Azərbaycan hökuməti bunları hesablayıb görsə ki, ciddi reaksiya gəlməyəcək, onda belə bir ehtimal var ki, Qarabağ cəbhəsində hərbi eskalasiya mümkündür.

–       Ötən bir neçə gündə Müdafiə Nazirliyinin açılamalarında Rusiya sülhməramlılarına xitabən tələblər artıb. 22-26 noyabr tarixlərində də Rusiya dövlət başçısı Vladimir Putin azərbaycanlı həmkarına zəng edib. 28 noyabrda isə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin Bakıda İlham Əliyevlə görüşdü. Sadaladıqlarımın fonunda Azərbaycandan hansısa tələblərinin olduğunu düşünmək olarmı?

–       Bu gün Azərbaycan-Ermənistan sülh gündəliyində 5 prinspial məsələ var: diplomatik əlaqələrin gələcəyi, sərhəd münasibətləri, nəqliyyat və kommunikasiya xətləri, himanitar məsələ və nəhayət, Qarabağ ermənilərinin gələcəyi. Bu 5 prinsip əsasında sülh anlaşmasının imzalanması istənilir. Bunlara isə Kremlin və Qərbin yanaşması fərqlidir. Birincinin məqsədi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır, amma orada sərhədlərin demarkasiyası və iki dövlət münasibətlərinin əhatə olunması yer alıb.

–       Yəni Rusiya problemin tam həllini istəmir…?

–       Bəli, Qərbin və Rusiyanın məsələyə münasibətində fundamental fərq mövcuddur. Rusiya sırf strateji maraqlarından çıxış edərək 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Yəni, bu məsələdə Moskva Bakının yanındadır. Ancaq Qarabağ məsələsinə gəldikdə, Rusiya Qarabağın subyektivliyinin qorunmasının tərəfdarıdır, bu da bölgənin Bakıdan kənarda qalmasının özündə ehtiva edir. Vladimir Putin Valday forumunda bu məsələyə toxundu. Ona görə də Mosva və Yerevan arasında Qarabağ məsələsinə baxışda strateji maraqlar üst-üstə düşür. Qərb yanaşmasında Rusiyayla fundamental fərq mövcuddur, birinci, Avropa və ABŞ dəhliz məntiqinə qarşıdır. Çünki 10 noyabr bəyanatına görə, dəhliz açılarsa, orada Rusiyanın bir növ hərbi mövcudluğu yaranır. Çünki bəyanatda açıq şəkildə deyilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Zəngəzur dəhlizinə yerləşdiriləcək. Bu, əlavə hərbi mövcudluq deməkdir. Nəzərə alın ki, Ukrayna savaşının başlanmasından sonra Qərb Rusiyanın Cənubi Qafqazda əlavə güc qazanmasının tərəfdarı deyil. Məhz bu prizmadan yanaşanda, Qərb Zəngəzur dəhlizi ideyasına 10 noyabr bəyanatı formatında qarşı çıxır. Amma Avropa və ABŞ Qarabağ məsələsini Azərbaycanın daxili konstitusion hüquqi kimi qiymətləndirməyə çalışır. Həm Filip Riker Konqresdə dinləmələr zamanı bunu qeyd etmişdi, həm də digər yanaşmalardan görünür ki, Qərb bu məsələni Azərbaycan daxilində etnik azlıqların hüquqlarının qorunması kimi qoyur. Baxın, iki yanaşma var: Rusiya Zəngəzur dəhlizində Bakını dəstəkləyir, Qarabağ məsələsində dəstəkləmir. Qərb isə əksinə, ikinci məsələdə Azərbaycanı dəstəkləsə də, birincidə dəstəkləmir. Azərbaycan üçün prioritet Qarabağda suverenliyinin bərpasıdır. Ona görə Bakı Qərb platformalarında sülh müqaviləsini imzalanması üçün aktiv işə başlayır. Bu baxımdan hal-hazırda Azərbaycanla Rusiya arasında qarşıdurmanın şahidi oluruq. Qarşıdurmanı yaradan səbəblərdən biri Rusiyanın düşdüyü mövcud durumdur. Əgər sülh müqaviləsi imzalanarsa, bu gün olmasa da, Azərbaycan 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb edəcək. Bu, cəmi bir fraqmentdir. Amma məsələyə böyük məcrada yanaşdıqda, Qarabağda sülhməramlılarının çıxarılmasının ardınca Bakı ilə Yerevan münasibıtləri normallaşacaq. Sonra Ankara-Yerevan əlaqələri istiləşəcək. Bu, özülüyündə Ermənistanın Rusiyadan iqtisadi, ticari və enerji asılılığının azalması deməkdir.   

–       Bu da Rusiyanın regionda təsir gücünün, mövqelərinin zəifləməsidir…?

–       Bəli, Rusiyanın nüfuzunun zəifləməsi deməkdir. Nəticə etibarı ilə gələcəkdə Ermənistandan Rusiyanın hərbi bazalarının çıxarılmasına gətirə bilər. Bu gün biz Qarabağda sülhməramlılardan danışanda daha çox sülhməramlılara fokuslanırıq, amma Kreml üçün yalnız sülhməramlı məsələsi deyil, həm də 102 saylı Gümrü bazasının  taleyidir.

–       Son bir ayda daha çox Laçın dəhlizində Azərbaycanın gömrük və sərhəd xidmətinin yeləşdirilməsi barədə rəsmi və qeyri-rəsmi səviyyədə fikirlər səslənir. Yəqin ki, Dövlət Təhükəsizlik Xidmətinin dəhlizdən Qarabağa silah daşındığı haqda açıqlamasını xatırlayırsınız. Bu mənada Laçın dəhlizinin bağlanması, yaxud Azərbaycan hərbçilərinin ərazidə yerləşdirilməsi nə qədər realdır?

–        Laçın dəhlizinin nəzəri cəhətdən bağlanması mümkündür, Azərbaycan buna gedə bilər. Amma hələ ki, Bakı Rusiyaya qarşı münasibətdə bu “kartı” təzyiq kimi saxlayır. Azərbaycanı motivasiya edən ən böyük amil ondan ibarətdir ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan sonra postsovet məkanıdan güc vakumu yaranmağa başladı. Rusiyanın Cənubi Qafqazdakı siyasi proseslərə təsir mexanizmləri çox məhdudlaşdı. Bu gün Rusiya çox qəribə vəziyyətdədir, əgər Azərbaycanla Ermənistan arasında sülh prosesini dayandırmasa, nəticə etibarı ilə strateji cəhətdən itirəcək. Hətta Gümrü bazası Cənubi Qafqazdan çıxmalı olacaq. Yox, addım atarsa, Azərbaycanla münasibətləri korlayacaq. Ən vacib məqam odur ki, Rusiyanın Azərbaycana qarşı istənlən addımı Ankara-Moskva münasibətlərində göstərəcək. Türkiyənin II Qarabağ müharibəsindəki rolu hamımıza məlumdur, Ankara Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral mövqe sərgiləyir. Türkiyə təcrid olunmuş Rusiyanın dünyaya çıxacaq qapısı rolunu oynayır. Ona görə Rusiya dilemma qarşısındadır, addım atmasa, strateji maraqlarını itirir, addım atsa isə Ankarayla münasibətlərini korlayır. Fikir verin, Rusiya kiçik addlmlarından başlayır, məsələn, Ruben Vardanyanı Qarabağa göndərib…

–       Azərbaycan da onu qəbul etmir…

–       Bəli. Çünki Vardanyan qısa müddətdə super nazirə çevrildi.

–       İkinci məqam, Rusiya Qarabağda Rus İcmasından danışır. halbuki, orda heç vaxt rus yaşamayıb. Belə davam edərsə, Bakı gedişata hansı reaksiya verə biər?  

–       Rusiya Azərbaycanla bir növ Moldovada oynadığı oyunu oynamaq istəyir. Necə ki, Dnestryanını Moldavanı tərkib hissəsi kimi tanıyır, amma orada separatçı qurum olaraq Moldovaya təzyiq vasitəsi kimi istifadə edir. Qarabağda da həmin siyasətdir, sadəcə, Rusiyanın əli-qolu limitlidir. Bunun birinci səbəbi Türkiyədirsə, ikincisi Ukraynadakı ciddi taktiki məğlubiyyətləridir. Azərbaycan da bunları bildiyindən diplomatik oyununu bir növ açıq aparır. Ona görə İlham Əliyev avropalı diplomatlara açıq şəkildə dedi ki, Vardanyan Moskvanın adamıdır. Bu ritorika 2021-ci ildə ola bilməzdi. Hazırda isə Rusiyanın əl-qolunun bağlı olduğu Bakıya da məlumdur. Rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə Bakı Laçın dəhlizinin bağlanmasının mümkünlüyünü gizlətmir. Məqsəd Rusiyayla münasibətlərdə Azərbaycanın istədiyinin təmin olunmasıdır.  

–       Azərbaycanın Fransa ilə münasibətlərinə qayıdaq. İlham Əliyev Makronun qatılacağı Brüssel görüşünə getməyəcəyini söylədi.  Fransanın Qarabağ məsələsinə münasibəti Avropa tərəfdaşlarından fərqlənir. Ümumiyyətlə, Paris Bakıdan nə istəyir?

–       Əslində, baş verənlər münasibətlər sistemində çox qəibə fenomendir. Çünki 2020-ci ilə qədər Paris-Bakı münasibətləri çox yaxşı olub, Azərbaycan Fransaya çox diqqət ayırıb. Azərbaycan prezidentlərinin ilk səfər etdikləri Avropa ölkəsi də məhz Fransa olub. Fransanın Azərbaycana qarşı siyasətində iki aspekti diqqətə gətirmək istərdim: birincisi, bu siyasət indiyə qədər nə Ermənistanın xeyrinə, nə də Azərbaycanın əleyhinə real addımlarla nəticələnib. Yəni Ermənistana ciddi hərbi-siyasi yardım olub, Azərbaycan da cəzalanmayıb. Fransadan olan bəyanatlar ritorik səviyyədə qalıb, sözdən o tərəfə keçməyib. Bəli, bir neçə həftə Senat qətnamə qəbul etdi,  amma ondan sonra Milli Assambleya həmin sənədi diskussiya etməkdən imtina etdi. Bu, Fransanın siyasətinin daha çox ritorik xarakter daşıdığını göstərir. Belə ritorikanın kökündə də Fransanın xarici siyasətindəki yeni rolu dayanır. Fransa Makronun dövründə beynəlxalq münasibətlərdə daha fəal rol oynamağa çalışır, əksər münaqişələrin həllində pay almaq istəyir. Bir növ ideoloji cəhətdən yaxın olan dostlar və uzaq rəqiblər seçməyə çalışır. Mən Fransa-Ermənistan yaxınlaşmasını Fransa-Türkiyə pisləşməsinin fraqmenti olaraq görürəm. Düşünürəm ki, Ərdoğanla Makronun münasibətlərinin pisləşməsinin də təsiri var. Məncə, Fransadakı erməni lobbisini də şişirtməyə ehtyac yoxdur. Çünki onlar 2020-ci ilə qədər Azərbaycana qarşı ciddi nəticəsi olan iş görə bilməyiblər. Baş verənlər birbaşa Fransa elitasının şəxsi təşəbbüsü olsa da, real siyasi addımlarla nəticələnməyib.

–       Azərbaycanın xarici siyasətində İranla münasibətlər yaxşı deyil, Fransanı danışdıq, Rusiya ilə sərinlik var. Belə olduqda, sadaladıqlarımın fəsadları gələcəkdə ağır ola bilərmi?

–       Əlbəttə. Sadə, primitiv yanaşsaq, xarici siyasət qonşularla münasibətləri ən yaxşı səviyyədə saxlamağı tələb edir. Azərbaycan kimi bütün mənalarda Rusiya, Fransa kimi dövlətlərlə müqayisədə resursu zəif olan ölkələr birinci diplomatiyaya üstünlük verməlidir. Mən Azərbaycanın Fransa, Rusiya və İranla gərginliyini bir növ ayırardım. Fransa ilə olan gərginlik ritorikdir, əməli tərəfi görünmür. İranla münasibətlərin isə uzun müddətdir diplomatik qarşıdurmaya keçid olduğunu görürük. Əvvəllər heç vaxt səslənməyən tezislər gündəmə gəlir…

–       Telekanallar Cənubi Azərbaycandan danışır, əvvəllər belə açıq ritorika yox idi…

–       Bəli, bu, artıq “qırmızı xətt”in keçilməsi deməkdir.

–       Bəs “qırmızı xətt”i İran, yoxsa Azərbaycan keçib?

–       Düşünürəm ki, proses İran tərəfinin təşəbbüsüylə başladı. İranın sərhəddəki təlimi, Araz çayını keçmək imitasiyası Azərbaycanı işğal mesajı idi, ardınca İsraillə əlaqələrə görə tənqidi və başqa məqamlar Tehranın daha aktiv olduğunu göstərir. Bakı əvvəllər belə epizodlar olsa da, reaksiya verməzdi. İndi isə bütün kartlar açılıb, Bakı heç geri də addım atmır. Mən bu məsələdə Azərbaycanın Türkiyə ilə xarici siyasətinin sintezləşdirməsini də müşahidə edirəm. Bakı Ankaranın tam dəstəyini alandan sonra daha açıq oynayır. Gedişat tərəflərin münasibətlərini 2020-ci ildən əvvəki səviyyəyə qayıtmasınl istəmədiyini göstərir.   

–       Yekun olaraq, Bakının Yerevanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verməsi ilə bağlıdır. Azərbaycanın cavabı necə ola bilər və 30 illik davam edən konfliktin qısa zamanda həllinə, xalqalar arasında münasibətlərin qurulmasına nail olmaq mümkündürmü?

–       Bəli, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycandan cavab aldıqlarını dedi. Detalları bilməsək də, yəqin ki, Bakı əvvəlki mövqeyində qalır. Bu da ondan ibarətdir ki, Yerevanla Qarabağ ermənilərinin məsələsi müzakirə olunmayacaq. Azərbaycanın diqqəti daha çox Avropa Birliyinin dəstəyilə təklif olunan sülh müqaviləsinə nail olmaqdır. Moskva bunun əleyhinə olduğundan Bakı da Brüsselin təkliflərinin reallaşmasına vargücü ilə çalışır. Yəni Qarabağ adı hansısa sülh müqaviləsində göstərilməsin və nəticə etibarı ilə Qarabağ üzərində Ermənistan Azərbaycanın suverenliyi tanısın. Bütün hallarda Bakı Brüssel, yaxud Vaşinqton formatında sülh əldə olnamsını istəyir. Sualınızın ikinci hissəsinə gəlincə, sülh asan deyil, amma mümkünsüz də deyil. Asan və mümkünsüz fərqli anlayışlardır, yəni dünyada daha ağır münaqişələr yaşanıb və itki sayları da qat-qat çox olub, ötən əsrin 90-cı illərində Balkanlarda, yaxud Almaniya-Fransa  müharibələri xatırlana bilər. Amma bütün bunlara baxmayaraq onlar bu mərhələləri atıb sülhə gəliblər. Bu mənada Azərbaycanla Ermənistan arasında sülh mümkündür, sülhə çatmaq üçün çərçivədə də aydındır, burda hardan balanıb necə keçməlidir sualı da məlumdur. Sadəcə, geridə iki məsələ qalıb, tərəflərin siyasi iradəsi və deskruktiv xarici aktorların prosesə cəlb olunmaması. Əgər bunlar baş tutarsa, azərbaycanlılarla ermənilər əvvəlki illərdə olduğu kimi yaşaya bilərlər.

–       Deskruktiv xarici aktorlar deyəndə, siz yəqin Rusiyanı nəzərdə tutursunuz?

–       Bəli, indiki Kreml administrasiyasını.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button