2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

“Yad dildə” düşünmək… Emil Salamoğlu yazır

Xızıya çatanda təzəcə şər qarışmağa başlayırdı. Şəhərin nimdaş həyatından, adamın tərləmiş, yapışqan cəmdəyindən, səs-küylü küçələrin uğultusundan, virtualdakı eybəcərliklərdən qurtuluşun yeriydi bura, canımızı götürüb iki günlüyə də olsa qaçış qərarı vermişdik.

Xızı yazmaq üçün münbitdir. Yayda sözdən tər iyi gəlməsin deyə buranın sərinliyinə çəkilib, kölgəlikdə daldalanıb kiçik qeydlər etmək də qaçışın bəhanəsiydi.

Niyəsi isə bir ildən artıqdır ki, tənbəllikdən yazmadığım Pərvizin “Yad dildə”sidir. Xızıya getməli, yazmalı, korşalmış yaddaşı təzələməli, beynin qırışlarını açmalı…o qədər ağır yüküydü ki?!

Saytların yığılması Saytlarin yigilmasi

“Dəmiri isti-isti döyərlər”, gərək romana fikirləri də əsəri bitirib-bitirməz yazasan. Bir ilə yaxındır paslanmış yaddaşı qurcalamaq çətin oldu, yaxşı ki, “Yad dildə” oxuyanda bəzi qeydlər götürmüşdüm.

***

yad-dilde-300x212.jpg
Romanın proloqunda ezop dili heyrətləndiricidir. Pərviz adamı özünə cəlb edir. Qarabasma, kabus və mübhəm kimi bir başlanğıc yazıçı fəndgirliyidir.

Müəllifin ilk sətirləri üşəndirir, qorxudur, sanki adamı hansısa qaranlıq və gizlinlərlə dolu mistik aləmə yaxud çoxdan qürub etmiş talelərə oturub məzarlıqda tamaşa eləməyə çağırır.

Pərvizin girişdəki usta sehrbazlığı, vahiməli çağırışı adamı həm bu sirrin açılışını öyrənməyə sövq edir, həm də gecəyarısı vampir filmlərinə baxmaqdan qorxan adam kimi geriyə itələyir. Qalırsan belə, nə edəsən?! Ancaq irəli getməlisən, hansısa səhifələrdə işıq gələn tərəf mütləq olmalıdır…

…”Yad dildə”nin iti və axıcı dili Pərvizin oxucu üzərində bəlkə də elə ilk raunddan qələbəsidir. Və yazıçı romanında finişə qədər bu üstünlüyü əldən vermir.

Pərvizin hardasa qarşısına qoyduğu hədəfin biri də yaxşı roman deyil, yaxşı roman dili təqdim etmək olub. Müasirlərdən ən yaxşısıdır da demək olar.

Və Sabir Əhmədli kimi Pərviz Cəbrayılın şəhər və əyalət ədəbiyyatını yaza bildiyinin şahidiyik. S.Əhmədlinin “Yaşıl teatr”ı nə qədər şəhər nəsr nümunəsidirsə, “Qanköçürmə stansiyası” bir o qədər kənd ədəbiyyatıdır. Pərviz isə “Yad dildə” romanında hər iki nəsrdə özünü yoxlayıb. Yusif Səmədoğlunun “Qətl günü”sayağı…

***
perviz-300x169.jpg
Amma romanda şəhər mühitindəki bəzi detallar uğurlu alınmayıb; ədəbiyyat üslub, məzmun və məna olaraq novatorluğu nə qədər sevsə də köhnəliyə can atır. Ədəbiyyatın işi keçmişin elementlərini – ad, məkan, geyim, dialoq və monoloqlarda qədimliyi təsvir etməkdir.

Günümüzün müasirləri də belədir; istərsə Pamuk, istərsə lap Hakan Günday ola, tarixiliyə qaçırlar.

Pərvizin isə kitabda “nik”, “çat”, “kompüter”, “inboks”, “mesaj” və s. müasir texniki terminlərdən istifadəsi ümumilikdə romanın texnikasını zəiflədir və bayağılığa qovur.

Xüsusilə, müəllifin yaratdığı obrazda Çe adı uğursuz və şablon seçimdir. Eləcə də “Dədə Qorqud”dan adlar effektsizdir. Kaş ki, “Yad dildə”də cərəyan edən proseslər internetsiz olaydı. Üstəlik, Çe və Selcan Oruellin “1984” romanındakı Uistonla Culiyanın prototipini xatırladır.

Adama elə gəlir ki, bizim ədəbiyyatçılar yeni insan yarada bilmirlər. Bizdə yeni insan yaratmaq, onu tirajlamaq və oxucuya istəsə də, istəməsə də qəbul etdirmək çatışmazlığı var.

Heyf ki, son illərdə hansısa əsərdəki fenomen obrazın yaddaqalan olduğu yada düşmür. Məsələn, Mopassanın “Həyat”ındakı Rozali, Turgenevin “Rudin”indəki hər şeyi inkar edən ədabaz obrazları qəhrəmanlardan daha çox çəkicidir.

Pərvizdə isə intihar edən “Kirvə” olmasaydı “Yad dildə”ni xilas edə bilməzdi. Əks halda roman kimsəsiz qalacaqdı…

Və bizimkilər Latın Amerikası ilə Qərb ədəbiyyatının arxasınca sürünüb onlara çatmağa çalışırlar, ya da Markesin, Lyosanın, Borxesin, Saramaqonun siyasi ədəbiyyatını, totalitar cəmiyyətlərin tənqidini təkrarlayırlar. Bununla həm də daha cəsarətli olduqlarını sübutetmə kompleksi də var: biz ən qəddar tiranları çizirik.

Halbuki bu, ədəbiyyatın işi, müəllifin boynuna biçilmiş vacib vəzifə deyil. Yəni Pərvizin romanındakı hadisələrin ana xətti təəccübləndirmir; bir yandan baş vermiş proseslər yaxın keçmişimizdir və gözlərimizin qarşısında olub, digər yandan onlarla belə ədəbi nümunə yazılıb.

***

emilll-300x224.jpg
Pərvizin proloqdakı niqaba bürünmüş sətirləri Çe və Selcanın söhbətlərində, İçərişəhərdə gedən hadisələrdə örtüyünü açaraq razvyazkaya çatır. Bir tərəfdən müəllifin ədəbi dili də romanın tən ortasında qəflətən qəzet dilinə çevrilməyə başlayır, üzücüdür, digər tərəfdən bədiiliyin dozası getdikcə azalır.

Müəllif əsərin bu mərhələsində başdansovdudur, harasa tələsir, onun özünə də bu mərhələni yazmaq darıxdırıcı gəlir və tezliklə üzülüşmək istəyir. Amma məcburdur…

Yazıçı tələm-tələsik, qaçaraq düşdüyü vəziyyətdən çıxmağa çalışır, həm qəzet cümlələrindən qurtularaq ədəbi-bədii dilini bərpa etmək üçün can atır, həm də hadisələri Çe və Selcan səviyyəsindən qaldırmaq üçün çırmanır.

Əlimdə olsa “Yad dildə” kimi fəlsəfi-mistik əsərdən o sətirləri ixtisar edərdim. Çünki onların dialoqu Pərvizin yaradıcılığını heç də böyütmür.

Hətta onların yazışmalarında həyəcanın, entuziazmın miqdarı aşağıdır, oxucunu titrətmir, qəlbini üşütmür, yeniyetmə oğlanlar və qızlar belə Çe ilə Selcandan zövq ala bilməz.

Odur ki, yazıçı gec-tez onlardan qırılır, girişdəki dilinə qayıdır, baqajındakı zəngin söz bazasında “açır sandığı, tökür pambığı”.

Əhsən!

Şükür, Pərviz özünə qayıtdı, ayıldı. Biz indi romanda əvvəlki Pərvizi görürük. Nəinki əvvəlki, “Öləngi”dəki Pərviz dirilib. İlahi, nə yaxşı məyus olmadıq. İndi “Yad dildə” oxumağa davam etmək olar.

***

yad-dilde2.jpg
Müəllifin andeqraundları dəhşətlidir; Pərviz sanki aqressivdir, düşdüyü vəziyyətdən qisas alaraq çıxdığı üçün solaxay zərbələr endirir, artıq zavyazkada oxucu üçün yeni travmalar var. Məsələn, “İstiqlal və Əziz Əzizov küçələrində vurnuxuruq”.

Bu cümlə bəlkə də 23 ildə deyilmiş ən dəhşətli ezopdur, xalqın bəlalarının və nicatının leytmotividir.

Bir başqa misal: polis aftafaya su doldurub susuz şəhərə tökməyə başlayır.

Pərvizin qalibiyyəti finaldadır. Finişdə övladı ilə bağlı sətirlər oxucunu kövrəldir, ümidsizləşdirir, hardasa pessimizə yuvarladır, real məntiqlə bədii sentimentallıq finişdə çox uğurlu alınıb. Final Pərvizin qələbəsi, “Yad dildə” qəhrəmanlarının isə məğlubiyyətinin təntənəsidir.

***

Beləliklə, “Yad dildə” romanı bütün estetikası, fəlsəfi-tarixi anlamıyla müasir Azərbaycan ədəbiyyatı üçün bu gün daha az əhəmiyyət daşıyır. Çünki əsər sabahındır, gələcək nəsillərindir. Pərvizə müasirlər və bugünkü oxucu subyektiv qiymət verə bilər.

Ona bizdən sonrakı nəsilin daha obyektiv qiymət verəcəyinə inanıram. Bunun üçün yazıçının ölümünü arzulamaq gərək deyil, amma nə etməli, ədəbiyyatın alın yazısı belə yazılıb – onun dəyəri bir neçə nəsil dəyişkənliyindən sonra bilinir.

Pərvizin isə “Məryəm surəsi”nin daha yetkin, bəşəri və yuxarıda qeyd etdiyimiz kimi yeni insan obrazı ilə ortaya çıxacağına inamım var…

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button