Loading...
Loading...
ÖLKƏDünya

YAP-çı deputat: ‘Gözlənilən idi’

Rusiya prezidenti Vladimir Putinin qondarma Luqansk və Donetsk xalq respublikalarının müstəqilliyini tanıyacağı gözlənilən idi”.

Bunu “Turan”a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Elman Nəsirov deyib. Onun sözlərinə görə, xüsusilə son gərginliklər fonunda Donbasda yaşanan və hər iki tərəfinin bir-birini ittiham etdiyi reallıqların fonunda bunun baş verməsi proqnozlaşdırılan idi: “Rusiya Dövlət Dumasının deputatları da müraciət etmişdilər ki, indiki vəziyyəti nəzərə alıb Donbasda yaşayan əhalinin təhlükəsizliyini qorumaq məqsədilə hər iki respublikanın tanınması və onlarla qarşılıqlı yardım haqqında sazişin imzalanması artıq zərurətə çevrilib. Putinin bu məsələdə qısamüddətli pauzası oldu. Amma Rusiya xalqına müraciətində qeyd olunduğu kimi, formalaşmış şəraitdə onlar təhlükəsizlik məsələlərindən irəli gələrək bu addımı atmağa məcbur olublar”.

E.Nəsirovun vurğulamasına görə, “Qarabağda olan erməni separatçıları istəyirlər ki, müəyyən paralellər gətirsinlər, amma onların bu cəhdləri əbəsdir. Rusiya Cənubi Osetiya və Abxaziya qondarma respublikalarının müstəqilliyini tanımışdı. Onda da erməni separatçıları şadyanalıq edirdilər. Amma nəticəsi o oldu ki, heç bir halda bu məsələlər Qarabağa proyeksiya olunmadı”.

Deputatın fikrincə, vəziyyət tamamilə fərqlidir, hər kəsə bəllidir ki, Rusiya bu addımı Ukrayna ilə üzləşdiyi münasibətləri və Qərbin bu prosesdə yaxından iştirakı fonunda atıb: “Amma Qarabağa gəlincə, müharibə artıq başa çatıb və Rusiyanın özü tənzimləmə prosesinin yaxın iştirakçısıdır. Bütün dünya və Rusiyanın özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır”.

Dünən, fevralın 21-də Rusiya Ukrayna ərazisindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciətində bildirib.

“Rusiyanın apardığı siyasət bütün qonşu dövlətlər üçün təhlükədir. O cümlədən indi Donetsk və Luqansk qondarma respublikalarının tanınması bu təhlükənin bariz nümunələrindən biridir”.

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. O qeyd edib ki, qondarma Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin tanınması ilə bağlı qərar beynəlxalq hüquqa ziddir: “Yəqin ki, bu qərar beynəlxalq birlik tərəfindən hiddətlə qarşılanacaq və Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediləcək”.

Partiya rəhbərinin sözlərinə görə, indiki Rusiyanın hərbi-siyasi rejimi SSRİ-ni bərpa etmək iddiasındadır: “Bütün qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürür. Putinin indiki siyasəti bütövlükdə Avrasiya məkanı və dünya üçün təhlükəli bir siyasətdir. Onun dünənki (fevralın 21-də) çıxışında göründü ki, hər hansı imkanlar yaranarsa, nəinki Ukraynanı, Azərbaycanı, Gürcüstanı və bütün postsovet məkanını, hətta vaxtilə Rusiya İmperiyasının ərazisinə daxil olmuş Finlandiyanı işğal etmək iddiasındadır. Ona görə beynəlxalq birlik bu böyük təhlükəni nəzərə alaraq onu durdurmağa nail olmalıdır”.

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

Siyasətçi vurğulayıb ki, hazırda Azərbaycanın Yuxarı Qarabağ ərazisi faktiki olaraq tam şəkildə Rusiyanın nəzarəti altındadır: “Hətta Rusiyanın Xarici İşlər Nazirliyi sözçüsü Zaxarova açıq şəkildə bəyan edir ki, Azərbaycanın Yuxarı Qarabağ ərazisində hər hansı məsələ ilə əlaqədar sərəncam vermək hüququ yoxdur və bu hüquqlar tam olaraq onların orada olan hərbi qüvvələrinə aiddir. Belə olan şəraitdə, təbii ki, əgər Rusiyanın Ukraynadakı davranışlarına adekvat cavab verilməsə, Azərbaycan üçün təhlükə artacaq”.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “
YAP-çı deputat: ‘Gözlənilən idi’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button