2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Venesiya Komisiyasının “Media haqqında” Azərbaycan Respublikası qanununa verdiyi RƏY (III hissə)

Avropa Şurası

Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası

(Venesiya Komissiyası)

 

“Media haqqında” Azərbaycan Respublikası qanunu – RƏY

I Hissə

II Hissə

Saytların yığılması Saytlarin yigilmasi

Bu rəy Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin 2 fevral 2022-ci il tarixli məktubuna əsasən Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası (Venesiya Komissiyası) tərəfindən hazırlanıb. Rəyin müəllifləri Neila Çabane, Herdis Thorgeirsdottir, Ben Vermeulen və Krisztina Rozgonyi-dir. Sənəd Venesiya Komissiyasının 17-18 iyun 2022-ci il tarixdə keçirilmiş 131-ci Plenar İclasında qəbul edilib və onun mətni iyunun 20-də ictimaiyyətə açıqlanıb.

 

“Media haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi (çıxarış)

 

Məzmuna tətbiq edilən məhdudiyyətlərlə bağlı – Qanunun Maddə 14-cü maddəsi 

 

  1. Qanunun 14-cü maddəsi media tərəfindən hansı növ məlumatların dərc edilməsi və ya yayılmasına yönəlik geniş çərçivədə məhdudiyyətlər müəyyən edir. Qanunla yayılması qadağan edilən informasiyalar, digərləri ilə yanaşı aşağıdakılardır: ərazi bütövlüyünün parçalanmasına yönəlik çağırışlar, dövlət rəmzlərinə və ya dövlət dili normalarına hörmətsizlik; terrorizmi, dini ekstremizmi, zorakılığı və ya qəddarlığı “təbliğ etmək”; əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadə; kiminsə şərəf və ləyaqətini alçaltmaq və ya işgüzar nüfuzunu ləkələmək; şəxsin ailə və şəxsi həyatı ilə bağlı “gizli” məlumatları yaymaq, sağlamlığa və ətraf mühitə zidd hərəkətləri “təbliğ etmək”; faktları və hadisələri birtərəfli təqdim etmək; parapsixologiya, mövhumatçılıq və ya “digər fanatizm növlərini” “təbliğ etmək”.

 

  1. Venesiya Komissiyası, mətbuata qarşı öncədən tətbiq edilən məhdudiyyətlərin Konvensiyanın 10-cu maddəsi ilə bir araya sığmamasına işarə edir. Bununla yanaşı vurğulanmalıdır ki, belə məhdudiyyətlər hökumətə qarşı olan medialara yönəlik təzyiq məzmunlu tədbirlər üçün bəhanə kimi istifadə olunmamalıdır. Daha əvvəl vurğulandığı kimi, “dözümsüzlüyə söykənən nifrəti yayan, nifrətə təhrik və təşviq edən və ya ona haqq qazandıran ifadə formalarına sanksiyaların tətbiqi və ya hətta onların əngəllənməsi demokratik cəmiyyətlərdə gərəkli qəbul edilə bilər”. Doğrudur ki, müxtəlif beynəlxalq sənədlər, dövlətləri nifrətli çıxışlara qarşı mübarizə aparmaq və ya uşaqları açıq-aşkar seksual və ya zorakı məzmunlu media materiallarından qorumaq üçün pozitiv addımlar atmağa təşviq edir. Bununla yanaşı, öncədən tətbiq edilən məhdudiyyətlər “informasiyaların sərbəst axınına və ictimai müzakirələrə yönəlik ən ciddi təhdidlərdən birini təşkil etdiyindən, AİHM belə məhdudiyyətləri ən ciddi incələməyə məruz qoyacaq”.

 

  1. Konvensiyanın 10-cu maddəsi çərçivəsində tətbiq edilən araşdırma, yayımlanan informasiyanın məzmununa qoyulan məhdudiyyətlərin ifadə azadlığı hüququna haqlı bir müdaxilə olub-olmadığını müəyyənləşdirmək üçün tətbiq edilən 3 mərhələli testi izləyəcək. Belə bir araşdırma zamanı Qanunun 14-cü maddəsində qeyd olunan məhdudiyyətlərin əksəriyyəti (məsələn, bəzi fəaliyyətlərin “təbliğ edilməsi” və ya “əxlaqdankənar leksik məzmunlu söz və ifadələrin” yayılması), həddən artıq qeyri-dəqiq, özbaşına yozumlara çox geniş imkan verməsi və beləliklə, öncədən görülə bilən olmaması səbəbi ilə yetərli hesab edilməyəcək. Bundan əlavə, onların legitim məqsəd güddüyünü də qəbul etmək mümkün deyil (məsələn, parapsixologiya və ya mövhumatın “təbliğ edilməsi; dövlət rəmzlərinə hörmətsizlik; faktların birtərəfli təqdimatı və s.). Qanunun yalnız mətni üzərindən mütləq hüquqi müəyyənliyə nail olmaq əlbəttə ki, bir illüziyadır və ərazi bütövlüyünün qorunması, terrorizmin qarşısının alınması, sağlamlığın qorunması və başqalarının nüfuzu və ya hüquqlarının müdafiəsi (bunlar Qanunun 14-cü maddəsində müəyyən dərəcədə öz əksini tapıb) aydındır ki, dövlətin 10-cu maddə çərçivəsində addımlar atması üçün legitim məqsədlərdir. Ancaq mətbuat azadlığı müzakirə mövzusu olduqda, qeyd edilən legitim məqsədlər Qanunun 14-cü maddəsində dəqiqliklə təsvir edilmiş olsa belə, məhdudiyyəti doğuran zərurətin “qarşısıalınmaz sosial ehtiyac”dan doğduğu aydın şəkildə müəyyən edilə bilən olmalı, bu ehtiyac məhdudiyyət nəzərdə tutan tədbirlərə haqq qazandıracaq səviyyəyə çatmalıdır. Məsələn, Qanunun 14-cü maddəsində “sağlamlığın qorunmasına zidd olan hərəkətlər”lə bağlı məhdudiyyətdən, Konvensiyanın 10-cu maddəsi ilə qorunan hüquqlara ediləcək müdaxiləni haqlı çıxaracaq çox vacib “qarşısıalınmaz sosial ehtiyac”ın mövcudluğu nəticəsini çıxarmaq çox çətindir. Ümumilikdə, 14-cü maddədə göstərilən məhdudiyyətlər rəsmilərə ifadə azadlığı hüququnun həyata keçirilməsini nəzarət altında tutmaqda həddən artıq geniş sərbəstlik verir və bu səbəblərə görə, Konvensiyanın 10-cu maddəsinin tələblərinə uyğun gəlmir.

 

  1. Daha spesifik yanaşdıqda, “ərazi bütövlüyünün parçalanmasına” qarşı 14-cü maddədə nəzərdə tutulan “açıq çağırışların qadağan edilməsi” ilə bağlı Venesiya Komissiyası “əgər “zorakılıq” elementi yoxdursa, ərazi separatizmini dəstəkləyən hər hansı ifadənin qadağan edilməsinin Konvensiya ilə icazə verilən məhdudiyyətlərdən kənara çıxmaq kimi (bu, bir şəxsin fikirlərinin qanuni ifadəsi kimi qəbul oluna bilər) qiymətləndirilə biləcəyini” qeyd edir”. Bundan əlavə, Venesiya Komissiyasının “faktların və hadisələrin birtərəfli” təqdim olunması və hakimiyyət orqanlarının medianın “ictimai rəy yaratmaq üçün düzgün, qərəzsiz məlumatları, obyektiv fikirləri dəyişdirməməli və ya onlardan sui-istifadə etməməli” şəklində təqdimatı ilə bağlı bundan əvvəlki dəyərləndirməsi ondan ibarətdir ki, “faktlar” bəzi hallarda “rəylərdən” fərqləndirilməyə bilər və istifadə olunan terminlərin qeyri-müəyyənliyi (…), ilkin olaraq rəylərə əsaslanmayan xəbərçiliyi təşviq etməli olsa belə bu müddəanın ifadə azadlığını boğmaq üçün istifadə edilməsinə gətirib çıxara bilər. Buna həm də Məhkəmənin oturuşmuş presedent hüququnun işığında baxılmalıdır, belə ki, Konvensiyanın 10-cu maddəsi təkcə “məqbul qəbul edilən və ya zərərsiz və ya laqeydlik kimi qiymətləndirilənlərə yox, həm də təhqiredici, şoka salan və ya narahatlıq yaradan “məlumat” və ya “ideyalara” da şamil edilir, bunlar plüralizm, tolerantlıq və geniş fikirliliyin tələbləridir və bunlarsız “demokratik cəmiyyət” də olmayacaq”. Son olaraq, “kiminsə şərəf və ya ləyaqətinin alçaldılması və ya işgüzar nüfuzunun ləkələnməsi” və “şəxsin ailəsi haqqında məxfi bilgilər”ə gəlincə, belə müddəalar kifayət qədər qeyri-müəyyəndir və məsələn, jurnalistlərin oliqarxların və onların ailə üzvlərinin gizli sərvətləri barədə xəbərləməsinə əngəllər yarada bilər. Bu məhdudiyyət 2012-ci ilin oktyabrında qüvvəyə minmiş, ictimaiyyətin kommersiya qurumlarının mülkiyyəti və nizamnamə kapitalı haqqında bilgilərə çıxışını əngəlləyən və bununla da jurnalistlərin korrupsiya ilə bağlı araşdırmalarına mane olan korporativ sirlərlə bağlı düzəlişlərin işığında incələnməlidir.

 

  1. Yuxarıda vurğulananların işığında, Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş məzmunla bağlı məhdudiyyətlərin Konvensiyanın 10-cu maddəsinə uyğunluğunu təmin etmək üçün mücərrəd ifadələrlə ifadə olunan məhdudiyyətlər geniş çərçivədə gözdən keçirilməli və ya Qanundan silinməli, qanuni məqsəd güdməyən məhdudiyyətlər ləğv edilməli və yerdə qalan məhdudiyyətlər tətbiq edilərkən, həmin məhdudiyyətləri haqlı çıxaran “qarşısıalınmaz sosial ehtiyac” asanlıqla müəyyən edilə bilən olmalıdır.

 

I Hissə II Hissə  IV Hissə V Hissə VI Hissə VII Hissə  VIII Hissə Yekun Rəy 

Qeyri-rəsmi tərcümə: Media Hüququ Qrupu

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button